"“Müəllim” sözü ərəbcə əzab-əziyyət verən mənasını daşıyır"
"Azərbaycanda Bilik Günü Müəllim günündən ayrıdır. Çünki biliklə müəllim arasında uçurum yaradıblar".
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşıb.
Deputatın sözlərinə görə, işgəncə verən müəllimlə bilgi verən muallim, öyrətmən arasında anlam fərqinə diqqət yetirilmir: "Bizə bilgi öyrədən muallimlər, yəni öyrətmənlər bizim ruhumuzun işıqlarıdır. Yaşadıqca o işığı yandıracağıq. Sağ olanlar da, dünyasını dəyişənlər də bizim mənliyimizin yaranmasında haqq sahibidirlər. İki ay öncə yazdığım bu yazını təkrar paylaşmağa zərurət duydum. Türkiyədə bizim “müəllim” deyə tərif etdiyimiz sözü tədris prosesi ilə əlaqədar sahədə “öğretmen” kimi ifadə edirlər. “Şagird” tanıtımı da orada “öğrenci” kimi tələffüz edilir. Bununla belə, orada Osmanlı ənənsindən gələn “muallim” və “hoca” sözləri də çox işləkdir. Türkiyədə elmi konfranslara qatılanda tanıdığım insanlar şirin Anadolu ağzı ilə şəxsimə “muallim” deyə müraciət edəndə bir az qəribəmə gəlirdi. “Nədir axı muallimlə müəllim arasındakı fərq?” sualı üzərində də çox vaxt düşünmüşəm. Bu sözün mənşəyinin ərəbcədən gəldiyini yuxarı-aşağı hamımız bilirik. Onu da bilirik ki, böyük Atatürkün dil islahatlarından sonra leksikona daxil olan “öğretmen” və “öğrenci” sözləri də ümumişlək status alaraq onları bir qədər arxa planda tutmuş oldu. Sadəcə, bir çoxumuzun bilmədiyimiz bir şey var, o da bolşevik istilasından öncə Azərbaycanda da əksər aydınlarımıza, maarifçilərə, təhsil sahəsində çalışanlara məhz “muallim” deyilməsidir. Sonradan bəzi pedaqoqlarla müzakirələrdə aydınlaşdırdım ki, “müəllim” sözü sovet təhsil nomenklaturasının formalaşdığı zamanlardan işlənməyə başlamışdır. Bolşeviklər tədricən “muallim”i “müəllim”lə əvəz etmişlər. Bolşeviklər üçün elm, təhsil vermənin əzab-əziyyətli metodu özünü bu sözlərin dəyişimində də ifadə etməkdədir. Bizdə nəşr olunan Azərbaycanca-Türkcə lüğətlərdə, izahlı dil lüğətində “müəllim”ə “muallim”in Azərbaycan dilindəki üç saitin fərqli tələffüz edilən forması kimi izah verilmişdir. Halbuki Türkiyə türkcəsindəki “ü” işlək hərfdir və bu deformasiyanı onların gerçəkləşdirməməsi özlüyündə haqlı sual doğura bilər. Bütün hallarda mənim rəğbətim “öyrətmən” və “öyrənci” kimi aydın, lakonik sözlərə daha çox yönəlik olsa da, “muallim” və “müəllim” sözləri dilimizdə aktuallığını qoruduğuna görə onlar arasında fərqi izah etməyə çalışacağam və sonda məqsədimi bildirəcəyəm. Ərəbcə “muallim” sözü talim, elm öyrətmə, talim edən mənasını daşıyır. “Müəllim” isə ərəbcə ağrıdır, ağrıtmaq mənasından doğan, ələm sözünə yaxın əzab-əziyyət verən mənasını daşıyır. Demək ki, bolşeviklər “muallim”i (elm, təlim verən) “müəllim”lə (əzab, iztirab verən) səbəbsiz dəyişməmişlər. Bu gün məhz Azərbaycanda nə yazıq ki, müəllim bolluğu var, hətta məktəbdən kənarda da bu tanıtımı istənilən peşə sahibinə qoşmaq olur. Əsl elm öyrədən, səviyyəli təhsil-təlim verən dəyərli aydınlarımızı bundan sonra bəlkə bu cür fərqləndirək ki, yağla şor bir-birinə qarışmasın? Çünki son vaxtlar muallimlərlə (məhz elm öyrədən, təlim verən) bağlı yazdığım dəstəkləyici statuslara onlarla müəllimin (məhz əzab verən, işgəncə verən) məzmunu anlamadan savadsız, bəzən də ədəbsiz rəylər yazması məni xeyli məyus etdi. Sadə bir mətnin semantik mənasını çözə bilmədiklərini gördüm. Bu səbəbdən də, mən bu fərqi bundan sonra hökmən gözləyəcəyəm. Az sayda da olsa muallimlərimizi qorumalıyıq, dəyərləndirməliyik, ucaltmalıyıq. Müəllimlərimizə də muallim olmağı arzulamalıyıq!"