“Məşhurlaşmaq üçün “TikTok”da polisi təhqir edib, sonra işgəncəyə məruz qaldığını göstərmək üçün belə bir davranış sərgiləmələri mümkündür”
““TikTok”da canlı yayım zamanı polisi təhqir edən gəncin saçının kəsilməsi ilə bağlı artıq polis orqanlarının rəsmi şəxsləri məlumat veriblər. Həqiqətən də polis orqanlarında kiminsə telefonla şəklini çəkib yaymaq, bunun məqsədyönlü şəkildə edilməsi, sözün açığı, bir az şübhə doğurur. Çünki belə davranışlar qanuna ziddir. Vətəndaş saxlanılırsa, yaxud polis bölməsinə dəvət olunursa, orada profilaktik söhbət aparılır. Amma vətəndaşın geyim-keçiminə, yaxud saç düzümünə qarışmaq qanuna ziddir. İnanmıram ki, hansısa polis bölməsində belə bir addım atıla. Ona görə də şübhəlidir. Həmin şəxslərin məşhurlaşmaq üçün “TikTok”da polisi təhqir edib, sonra da başqa formada özünün incidildiyini, müəyyən dərəcədə işgəncəyə, yaxud təzyiqə məruz qaldığını göstərmək üçün belə bir davranış sərgiləmələri də mümkündür. Hər halda bu məsələ araşdırılmalıdır…”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat vurğulayıb ki, doğrudan da, qanunsuzluğa yol verilibsə, məsələ mütləq araşdırılmalı, qanunsuzluğa yol verənlər cəzalandırılmalıdır: “Artıq DİN açıqlama verdi ki, ümumiyyətlə, polis tərəfindən gəncə qarşı belə bir cəza tətbiq edilməyib. Belə olan halda müvafiq QHT-lər və digərləri məsələni araşdırıb, aydınlaşdıra bilərlər. Bütün hallarda hansısa şəxsin polisi təhqir etməsi yolverilməzdir. Çünki “TikTok”, yaxud “Facebook” kimisə təhqir etmək üçün nəzərdə tutulan sosial şəbəkə platformaları deyil. Bir qrup insan həmin platformalardan məhz bu məqsədlə istifadə etdiklərinə görə əslində insanlığa təqdim olunan bu cür texnoloji nemətlərə qarşı da bir ikrah, etimadsızlıq yaradırlar”.