"Məscidlərə verilən nəzirlərin də bəzən aiddiyatı üzrə sərf edilməməsi narazılıq doğurur".
""Dini etiqad azadlığı haqqında" Qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, ianələrin verilişində müəyyən fərqlər ola bilər. Xaricdən və ya daxildən dini qurumlarla bağlı bir sıra məsələlərin həllinə yönəldilmiş ciddi məbləğdə vəsaitlərin ödənişinin ənənəvi üsulla deyil, onlayn şəkildə qəbul edilməsi nəzərdə tutulub. Həmin ianələr, adətən, hansısa məscidin tikintisi və ya ziyarətgahın bərpası üçün sərf edilə bilər. Nəzərə almaq lazımdır ki, xüsusilə Vətən müharibəsindən sonra bizi istəməyən bəzi qüvvələr həmlələr edirlər. Belə adamlar dini məsələlərdən sui-istifadə edərək bəzi hallarda öz niyyətlərinə çatmaq istəyirlər".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, mövcud problemlərin qarşının alınması üçün qanuna müvafiq dəyişikliklərin edilməsi məqsədəuyğundur.
"Nəzirlərə gəlincə isə, onların hara və ya kimə verilməsi hər kəsin özündən asılıdır. Kimsə yolda bir möhtac olan görüb verər, kimsə qohumunda olan imkansızı dolandırar, başqası da istəyərsə, gətirib məscidə verər. Yəni, bu, indiyə qədər belə olub, yəqin, belə də davam edəcək. Qanuna təklif olunan dəyişikliklər isə hələ təsdiq olunmayıb. Ödənişlərin necə ediləcəyi dəqiq məlum deyil. Yəqin ki, müvafiq qaydalar işlənib hazırlanacaq. İstənilən halda, nəzirlərin necə yığılmasından asılı olmayaraq, hər birinin bərəkəti var. İnsanlar əl-ələ verib bərabər olandan sonra hər şey öz həllini tapacaq. Məscidlərə verilən nəzirlərin də bəzən aiddiyatı üzrə sərf edilməməsi narazılıq doğurur. Lakin bildiyim qədərilə, həmin ianələr adətən məscidlərin lazım olan ehtiyaclarını qarşılamaq, hansısa xırda-para təmir işlərini həyata keçirməyə imkan verir. Çünki məscidlər özləri özlərini dolandırmalıdılar. İndiki dövrdə də nəzir qutularında cüzi miqdarda vəsait toplanır. Fikrimcə, həmin vəsait məscidlərdə müəyyən şəraitin yaradılması, kommunal xərclərin qarşılanmasına sərf edilir. Yenə də dəqiq məlumatlı olmadığım üçün ətraflı şərh vermək, dəqiq söz demək çətindir", - deyə C.Paşazadə qeyd edib.