"Mopedçiləri qorumaq üçün qanuna dəyişikliklər edilir"
“Cari ilin yalnız son 10 ayında motosikl və mopedçilərin iştirakı ilə 196 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 18 nəfər həlak olub, 49 nəfər yaralanıb. 135-i isə maddi zərərlə nəticələnib. Statistikaya əsasən moped sürücülərin iştirakı ilə baş verən hər yol-nəqliyyat hadisəsində daha çox gənclər xəsarət alır və dünyasını dəyişir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.
Kamal Cəfərovun sözlərinə görə, müşahidə göstərir ki, moped sürücüləri yol nəqliyyat nişanlarına, işıqforlara məhəl qoymurlar: “Çalışdıqları kuryer və poçt şirkətləri onları tələsdirirlər. Mopedlər tıxac zamanı çətinlik yaradırlar, xaotik sürürlər. Eyni zamanda gənclərin dəbilqəsiz və bəzi hallarda sükanı bir əli ilə idarə etməsi, yolların əks istiqamətində və səkilərdə sürməsi qəza risklərini daha da artırır, həm özlərinin həm də digər sərnişinlərin həyatını təhlükə altına salır. Daha dəqiq desək ki, digər nəqliyyat vasitələrin sürücüləri daha çox maddi zərər görsə də, yaralanan və həlak olan elə moped sürücülərinin özləri olur”.
Deputat qeyd edək ki, bu cür halların təkrar olunmasının əsas səbəbi də yol hərəkəti qaydalarını pozan mopedçilərin cəzasız qalmasıdır. Cəzasız qalmaları onları yeni pozuntular törətməyə təşviq edir. Lakin son nəticədə ən çox maddi və fiziki zərər görən özləri olur: “Yol hərəkəti zamanı bu cür ölüm və qəza hallarının qarşısını almaq üçün, mopedçilərin və digər sərnişinlərin həyatını qorumaq üçün “Yol hərəkəti haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. Bu yanaşma həm moped sürücülərinin həm də onların çalışdıqları şirkətlərin məsuliyyətini artıracaq. Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar. Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Baş Dövlət yol polisi idarəsinin məlumatına əsasən bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib. Bildirilib ki, hazırda Baş Dövlət yol polisi idarəsi gün ərzində rahatlıqla 400 nəfərin imtahan prosesindən keçməsini təmin edə bilir. İmtahanın müddəti isə cəmi 15 dəqiqədir”.
Kamal Cəfərov nəzərə çatdırıb ki, vətəndaş cəmiyyəti üzvlərinin də sürücülük vəsiqəsi imtahanlarının keçirilməsi prosesində iştirakı təmin ediləcək: “Qanun layihəsinin məruzəçisi kimi mən də bir neçə imtahan prosesinin müşahidəsində iştirak edəcəyəm. Marağı olan digər həmkarlarım da mənə qoşula bilər”.
Deputat qeyd edib ki, layihəyə əsasən nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması da təklif edilir: “Bu tələbə riayət edilməməsi inzibati məsuliyyətə səbəb olacaq. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən polis əməkdaşları ilə sürücülərin təmasının azaldılması, potensial konfliktlərin aradan qaldırılması məqsədilə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi təklif edilir”.