Ümumi 9 Fevral 2023, 12:31 | Baxış sayı: 129
“Məmurlarımız Türkiyədə zəlzələdən zərərçəkən uşaqların bir hissəsinin müalicəsini üzərlərinə götürsələr, yaxşı olar”

“Türkiyənin faciəsi bizim faciəmizdir. Neçə gündür ki, cənab Prezident İlham Əliyev başda olmaqla Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu, ümumilikdə xalqımız qardaş ölkəyə dəstəyini ifadə edir. Türkiyəyə ən birinci dəstək göndərən ölkə də məhz Azərbaycan oldu. Belə də olmalı idi. “Bir millət, iki dövlət” deyiriksə, deməli, biz qardaşlığımızı bu çətin günlərdə sübut etməliyik. Ötən gün Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın adını vurğuladı. Hamımız neçə gündür ki, imkanı olmadığı halda öz evinin əşyalarını qardaş ölkəyə göndərənlərin, nə iləsə kömək etmək istəyənləri görürük. Yardımsevərlik xalqımızın canında var, bu, içdən gələn bir şeydir. Əlbəttə, toy-bayramı, şənlikləri azaltsaq, Türkiyəyə dəstək göstərsək, yaxşı olar. Çünki burda yaşayan türkiyəli qardaş-bacılarımız, eyni zamanda Türkiyədə yaşayan azərbaycanlılarımız var. Bir-birimizə qaynayıb-qarışmışıq, sıx birləşmişik. Hər birimiz ölkəmizdə gündəlik baş verənlərdən qarşılıqlı xəbərdarıq. Adi məsələ deyil, 15 milyon insanın yaşadığı ərazi tamamilə dağılıb. Burda hansı toy-bayramdan, musiqidən söhbət gedə bilər? Azərbaycanda 1 günlük matəm elan edilməsi təklifi doğru yanaşmadır. Əgər imkan varsa, bu addımı atmaq daha hörmətli olar…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

“Matəm elan olunması ilə yanaşı, bir çağırış da etmək istəyirəm. Cənab Prezident özü də dedi ki, Türkiyədəki yaralıları qəbul etməyə hazırıq, buna imkanımız var. Çünki Azərbaycanda, demək olar, pandemiya yoxdur, yaralıları gətirib, xəstəxanalarımıza yerləşdirə, müalicə edə bilərik. Dünya görməlidir ki, qardaşlıq necə olur. Adi insanlardan, az maaşlı insanlardan danışmıram, hər bir məmurumuz Türkiyədən gələcək bir yaralı uşağın müalicəsini tam şəkildə üzərinə götürsə, yaxşı olar. Elə fərz etsin ki, öz uşağıdır, qardaşıdır, bacısıdır, anasıdır, atasıdır. Öz atası, uşağı olsa, çölə atardımı? Hər bir məmur bunu rəsmi, qanuni şəkildə öz öhdəsinə götürsə, daha yaxşı olar. Çünki qardaş ölkədə yüz minlərlə yaralımız var. O yüz minlərdən, təxminən, on beş - iyirmi minini götürsək, iş yüngülləşəcək, çox böyük dəstək olacaq. Qardaş ölkədəki faciədə ölənlərə Allahdan rəhmət diləyirəm, Allah yaralı qardaş-bacılarımıza can sağlığı versin. Nə deyə bilərik? Əlimdən ancaq dəstək göstərmək gəlir, dəstək olmuşam, olacağam da. Bir dəfə dəstək göstərməklə kifayətlənmək olmaz, hər gün ağzımıza loxma qoyuruqsa, gərək, orada soyuqda qalan qardaş-bacılarımızı fikirləşək”, - C.Paşazadə bildirib.

Xəbərlər