Cəmiyyət 29 Noyabr 2021, 13:03 | Baxış sayı: 218
“Məmurlar düşünürlər ki, istefa versələr, sanki, öz günahlarını etiraf eləmiş olarlar”.

“Məmurlar düşünürlər ki, istefa versələr, sanki, öz günahlarını etiraf eləmiş olarlar”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a bildirib ki, bunun ilkin səbəbi 70 il sovetlər birliyinin tərkibində qalmaqda, idarəetmə sisteminin daha sərt mərkəzləşmiş formada olmasındadır:

“Əsasən təyinatlar baş verir və bu bir sıra hallarda vəzifəyə göndərilən insanların deyərdim ki, iradəsindən kənar olur. Müxtəlif xarakterli ideoloji strukturların, rayon rəhbərliyindən tutmuş sovet partiya sisteminin bütün həlqələri üzrə təyinatlar mühüm dərəcədə mərkəzi orqanlar və onun rəhbər şəxsləri tərəfindən aparılıb. Belə olan şəraitdə sanki insanların öz fərdi, şəxsi mövqeyi və iradəsindən daha çox mütləq “bu məsələdə kimsə qərar verəcəkdir” kimi bir anlayış, düşüncə sistemi bərqərar olub. Bu hələ yaş baxımından kiçik olan son 30 ilin idarəetmə sistemində də özünü qoruyub saxlayır. Yəni, məmurlar belə hesab edirlər ki, sosial şəbəkələrdəki tənqidlər əsassızdır. Hətta əsaslı olduğu halda da yenə də qərar müvafiq qurumlar tərəfindən verilməlidir. Məsələnin digər tərəfi də odur ki, istefa ənənələri, istefa mədəniyyəti bu cəhətdən geniş şəkildə yayılmayıb. Kimsə düşünür ki, belə addım atacağı təqdirdə mərkəzi hakimiyyət orqanlarının sanki iradəsinə qarşı çıxmış olar. O anlamda sözügedən məsələ ilə bağlı bu gün vəzifə tutan hər kəs cəmiyyətin bu istefanı necə qarşılayacağından, onların çalışdığı sahələrin, nazirliklərin, komitələrin necə qiymətləndirəcəyi ətrafında bir ortaq məxrəc yoxdur. Bu addımın mənfi qarşılanacağını düşünürlər. Çünki düşünür ki, öz kreslosunu könüllü şəkildə tərk edirsə, sanki o qədər də təqdir olunmayacaq”.

Deputat qeyd olunan tənqidlərin kəskin ictimai mövqeyi fonunda bir qisim insanların bu addımı atmamasını məhz məsuliyyət amili ilə bağlayır:

“Çünki onlar düşünürlər ki, istefa versələr sanki öz günahını etiraf eləmiş olur, haqqında yazılanlarla bu və ya digər formada razılaşır. Ardınca ona qarşı hansısa hüquqi davalar açıla bilər. Buna görə də istefa verilməsi dərhal həm ictimai, həm hüquqi tədbirlərə yol alar anlamında bu qərardan daşınır və vəzifəsinə davam etməyə çalışır.

Beləliklə, yaxın ölkələrin təcrübəsində görürük ki, bu əlahiddə bir hadisə deyil. Buna fövqalədə məna vermək yanlışdır. Cəmiyyət həyatını zaman etibarı ilə buna uyğunlaşdırmaq lazımdır. İnsanlar həqiqətən də vəzifəni məsuliyyət kimi qəbul və dərk etməlidirlər. Bu xüsusi bir imtiyaz və üstün bir yerdə görmək hadisəsi kimi qəbul olunmamalıdır. Cəmiyyətlə üfüqi münasibətləri bərqərar elədikcə, vəzifə pultunun bir qədər aşağı enməsi baş verdikcə, çox rahatlıqla vəzifələrdən getmələr müşahidə olunacaq. Bu xəbərdarlıq xarakteri daşımadan, kiçik bir ərizə ilə hər hansı səbəbdən vəzifələrini davam edə bilməyəcəkləri söyləməlidirlər”.

Xəbərlər