Cəmiyyət 7 Aprel 2022, 16:27 | Baxış sayı: 183
"Məmurlar da narkomaniyaya görə yoxlanılmalıdırlar".

“Narkomaniya bir faciədir. Onunla mübarizə təkbaşına aparıla bilməz. Tütünçəkmə, alkoqolizm və narkomaniya ilə kompleks tədbirlərlə birgə mübarizə aparılmaldır”.

Bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan deputat Fazil Mustafa deyib.

O bildirib ki, narkomaniya ilə mübarizəni dövlət təhlükəsizliyi məsələsi kimi gündəmə gətirmək lazımdır:

“Cəmiyyət səfərbər olmasa, Azərbaycanda sosial problemlər yaranmağa davam edəcək. Bu sabah təhsil sahəsində, mədəniyyətdə də ciddi problemlər yaradacaq. Bu problemin hərbi sahədə yaranması daha dəhşətli ola bilər. Dünən Milli Məclisdə müzakirə edilən məsələlərdən biri bu bəlanın cəmiyyətdə bir ayrı formada özünü büruzə verməsidir. Əgər 10 nəfər zabitin içərisində bir nəfər narkoman olsa, o da digərlərini yoluxdursa, bu, faciəyə yol açar. Biz narkomaniya ilə mübarizəni düzgün qurmadığımıza görə hamını tutur, həbsxanaya göndəririk. Həbsxanada narkotik aludəçisi olmayan, hələ beş-on il cəza çəkəcək insanlar da bunlara qoşulurlar. Ona görə də bu problem qalır.

Bu səbəbdən də hərbi sahədə belə yoxlamalar həyata keçirilir. Bu hamıya, eləcə də məmurlara da şamil edilməlidir, hamısı yoxlanılmalıdır. Daxili işlər naziri bu sahədə sərt mövqe tətbiq edir və polislər arasında belə bir hallar aşkarlanarsa, dərhal işdən azad olunurlar. Bir çox qurumlarda bu istiqamətdə mübarizə aparılır. Lakin bu cəzanı sərtləşdirməklə həll etmək olmur, cəzanın sərtləşməsi insanların düzəlməsinə gətirib çıxarmır”.

F.Mustafa qeyd edib ki, ölkədə narkomaniya ilə mübarizə aparan müəssisələrin şəraiti yoxdur:

“Ölkədə narkomaniya ilə mübarizə aparan altı mərkəz var ki, reabilitasiya üçün heç bir şəraiti yoxdur. Narkotik aludəçisi olan adamın müraciət edəcək yeri yoxdur. Özəl sektorun da bu sahədə inkişafına şərait yaradılmır, stimullaşdırılmır. Bizim statistikamız da düzgün aparılmır, yalandan özümüzü aldatmayaq. Statistik rəqəmlərdə 30 min göstərilsə də, 300 mindən artıq narkotik maddə istifadəçisi var. Cəmiyyətdə maariflənmə tədbirləri düzgün aparılmasa, gələcəkdə bu problem o qədər böyüyəcək ki, qarşısını almaq mümkün olmayacaq”.

Xəbərlər