"Məlumat paylaşılarkən istər media orqanları, istərsə də adi vətəndaşlar ehtiyatlı davranmalıdırlar".
“Reallıqdır ki, bu gün sosial şəbəkələrdə bir sıra hallarda əsası olmayan məlumatlar yayılır. Milli Məclisin deputatları barədə də sosial şəbəkələrdə zaman-zaman yalan və ya təhrif edilmiş məlumatlarla rastlaşırıq. Hesab edirəm ki, məlumat paylaşılarkən istər media orqanları, istərsə də adi vətəndaşlar ehtiyatlı davranmalıdırlar. Sosial şəbəkələrin tənzimlənməsi məsələsinə gəlincə isə, fikrimcə, bu barədə ciddi düşünmək lazımdır, çünki bu, kifayət qədər mürəkkəb prosesdir. Hər halda, əsassız məlumatların, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün mütləq müəyyən addımlar atılmalıdır”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, problemin həlli üçün bir sıra ölkələrdə həmin sosial platformaların rəhbərliyi ilə müzakirələr aparılır və müəyyən tənzimləmə metodları tətbiq edilir: “Bununla yanaşı, hər bir media qurumu və ya şəxsin özünün daxilində də senzura olmalıdır. Sosial şəbəkələr bizə geniş imkanlar tanısa da, vətədaşlar onlardan düzgün istifadə etməyi bacarmalıdırlar. Hansısa informasiya paylaşılarkən cəmiyyətin həssaslığı, təhlükəsizliyi nəzərə alınmalıdır. Təəssüf ki, sosial şəbəkələrdə feyk xəbərlərin yayılması halları getdikcə artır. Hesab edirəm ki, məsələnin həlli üçün ciddi düşünməli və çıxış yolları axtarmalıyıq. Vətəndaşlar məsuliyyətli olmalı, dəqiqləşdirilməmiş informasiyanı yaymamalıdırlar. Misal üçün, əgər hansıa deputat haqqında məlumat yayılıbsa, həmin informasiyanı dərhal paylaşmaqdansa, onun özü ilə dəqiqləşdirmə aparmaq lazımdır. Yalan məlumatları tirajlamaq həm də hüquqi məsuliyyətlə əlaqəlidir. Yəni məsələnin tənzimlənməsi üçün həm də hüquqi mübarizə aparmaq lazımdır”.