Cəmiyyət 27 Aprel 2022, 16:15 | Baxış sayı: 290
"Məktəblərdə ianə toplanması prosesinə ciddi nəzarət etmək lazımdır".

“Orta təhsil müəssisələrində könüllü ianə toplanması məsələsi bir müddətdir ki, müzakirə edilir. Təhsil naziri Emin Əmrullayev məsələ ilə bağlı bir neçə dəfə açıqlama verib, mövqeyini bildirib. Dünyanın bir sıra ölkələrində məktəb-valideyn əməkdaşlığı müxtəlif formalarda mövcuddur. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır, işlər icra edilir. Görünən odur ki, Təhsil Nazirliyi də konkret mövqeyə gəlib və planlaşdırıb ki, ölkədə də orta məktəblərdə könüllü ianə toplanmasına pilot layihə kimi başlanılsın. Bunun üçün dəqiq mexanizmin tətbiqi mühümdür”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, ianə toplanması prosesinə ciddi nəzarət etmək lazımdır: “Azərbaycan məktəblərində mövcud olan rüşvətxorluğa qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır. Son illər bu sahədə irəliləyişlər müşahidə edilir. Ona görə də hesab edirəm ki, könüllü ianə mexanizminin tətbiqinə zərurət varsa, şəffaflıq təmin edilməlidir. Gələcəkdə müəyyən neqativ hallarla üz-üzə qalmamaq üçün dəqiq mexanizm hazırlamaqda fayda var. Burada sui-istifadə halları yolverilməzdir. Pilot layihə kimi nəzərdən keçirilə, prosesin effektivliyinə baxıla bilər, amma layihənin dəqiq icra mexanizminin olması vacibdir. Əks halda, biz yenidən xoşagəlməz hallarla rastlaşa bilərik. Fikrimcə, asan məsələ deyil, ciddi iş və dəqiqlik tələb edir”.

Xəbərlər