Cəmiyyət 23 Sentyabr 2021, 16:48 | Baxış sayı: 282
"Məktəblərdə dərslərin şənbə gününə salınması yaxşı haldır. Çünki bu sistemin tətbiqi zəruridir".

Məktəblərdə dərslərin şənbə gününə salınması yaxşı haldır. Çünki bu sistemin tətbiqi zəruridir.

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O, şənbə günləri məktəblərdə dərslərin salınmasına baxmayaraq, ictimai nəqliyyatın işləməməsi məsələsi ilə bağlı da fikirlərini bildirib:

"Ümumiyyətlə, həftəsonları ictimai nəqliyyatın işləməməsi, məncə, qəsdən edilib. Pandemiyanı uzatmaq məqsədi daşıyır. Bunun başqa izahını hələ ki, verən yoxdur. Xüsusilə də şənbə günü ictimai nəqliyyat niyə işləməsin? Yüzlərlə müəllim, yüzlərlə valideyn zülm çəkir, amma bu, heç kimin vecinə deyil. Sahibkarlar zülm çəkirlər, hər işçiyə ayda 100-150 manat ciblərindən pul verirlər ki, onlar həftəsonu taksi ilə işə gələ bilsinlər. Hətta yüzlərlə süpürgəçi həftəsonu işə çıxır. Müəyyən qurumların rəhbərləri də onlara ciblərindən pul verirlər ki, işə gedib-gələ bilsinlər. Bu süpürgəçinin pulu var taksi ilə gəlsin? Bu yazıq nə zülm çəkir?

Sanki, vətəndaşın vəziyyətini düşünmədən, sadəcə qarşıya bir məqsəd qoyulub ki, necə edək ki, pandemiya uzansın, insanlara ziyan vursun, necə edək ki, vətəndaşın son qəpiyinədək cibindən çıxaraq. Ona görə də şənbə günü ictimai nəqliyyat işləməlidir. Virusun yayılması nəqliyyatla bağlı deyil. Hələ virusa görə küçələri də yuyurlar. Küçədə virus var? Əlavə pulu niyə bura xərcləyirsiniz? Bunlar o qədər məntiqsiz addımlardır ki... Məntiqli addımı bizdə qəbul edən var?

Harada anormal, ağılsız addım var, onu seçirlər. Həftəsonları ictimai nəqliyyatın işləməməsi həmin ağılsız addımlardan biridir. Əksinə, iş saatlarını, iş günlərini elə bölüşdürmək lazımdır ki, insanlar bir-biriləri ilə eyni vaxtda görüşə bilməsinlər, təmas azalsın. Belə bir məqamda pulu olmayan, yoxsul insanları məcbur edirlər ki, əlavə pul ödəyib taksilərə xeyir versinlər. Bunun heç bir izahı yoxdur. Bu məsələ vərəndaşa böyük ziyan vurur və onun bu ziyandan çıxması çox çətin olur. İctimai nəqliyyat bazar günü olmasa da, şənbə günü mütləq işləməlidir, çünki əhalinin böyük əksəriyyəti şənbə günü işə gedir".

Xəbərlər