Ümumi 16 Yanvar 2024, 16:02 | Baxış sayı: 229
“Məktəblərə tapşırıqlar verilməlidir, dərslər saat 08:00-da deyil, 09:00-da başlasın”

“Məktəblilərin vaxtında məktəbə yetişmələri, dərslərdə müntəzəm iştirak etmələri, rahatlıqları hər birimizi düşündürən məsələdir. Saatların 1 saat irəli çəkilməsi isə həqiqətən də, müəyyən çətinliklər yaradıb. Xüsusilə, aşağı sinif şagirdlər üçün müəyyən problemlər törədir. Çünki qaranlıqda dərsə getməyə uşaqlar əziyyət çəkirlər. Qış aylarında qarlı, yağışlı havalarda onlar üçün daha çətin olur. Elm və Təhsil Nazirliyi, digər müvafiq orqanlar bu barədə düşünməlidirlər”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

“Heç olmasa, məktəblərə tapşırıqlar verilməlidir, dərslər saat 08:00-da yox, nə olar, qoy 09:00-da başlasın. Saatlar geri çəkilməsin, amma dərsin müəyyən vaxtı gecikdirilsin. Bu, uşaqların rahatlıqları üçün vacib olar. Validyenlər də narahatlıq keçirirlər, çünki səhər tezdən elə vaxtda oyanmaq lazımdır ki, uşaq geyinməli, yedirdilməli, məktəbə yola salınmalıdır. Hətta saat 08:00-də məktəbdə olmalıdır. Onda, gərək, uşaq evdən ən geci 07:30-da çıxsın. Bu da çox tezdir. Demək olar, tamamilə qaranlığa düşür. Narazılıqları nəzərə alaraq təklif edirik ki, qış aylarında günün gödək vaxtında müəyyən tədbirlərin görülməsi vacibdir”, - deputat bildirib.

pravda.az

Xəbərlər