Siyasət 26 İyul 2023, 14:07 | Baxış sayı: 156
"Minsk qrupunun bərpası cəhdləri Qərbin siyasi riyakarlığının təzahürüdür"

30 ilə yaxın bir müddətdir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin şahidi olub. Ən çətin mərhələ olan Qarabağın işğaldan azad edilməsini Prezident İlham Əliyev tək başına həll edə bilibsə, bundan sonra Minsk qrupunun heç bir köməyinə ehtiyac yoxdur. Artıq Qərb də bunu bilməlidir ki, 44 günlük müharibə bütün reallıqları açıq şəkildə ortaya qoydu, dostun, düşmənin kim olduğunu bizə göstərdi.

Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Qərb, o cümlədən ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası üçün cəhdlər müşahidə olunur: “Bu, Qərbin siyasi riyakarlığının təzahürüdür. Minsk qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Çünki Minsk qrupunun rəhbəri olan ölkələr bir-birinə zidd siyasət yürüdən tərəflərdir. Görəsən hazırda bütün məsələlərdə qarşı mövqe tutan ABŞ və Rusiya Minsk qrupunun tərkibində ortaq mövqeyə gələ biləcək?! Yoxsa 30 il də vaxt lazım olacaq ki, onlar Qarabağ üzərindən fikir mübadilələri aparsınlar?! Yaxud da Fransanın mövqeyini biz artıq 3 ilə yaxındır ki, görürük. Bu ölkə tamamilə birtərəfli mövqe ortaya qoyur. Bu mövqedən sonra necə inana bilərik ki, Fransa Azərbaycanın maraqlarını müdafiə edəcək addım atacaq? Biz Qərbin riyakar münasibətini hər məsələdə görə bilirik. Ukrayna məsələsi də bunlardan biridir. Ukraynanın yanında olduğunu bildirən Qərb Ukrayna Prezidentinin istədiyi silahları vermir, ancaq ondan son əsgərinə qədər döyüşməyi tələb edir. Digər tərəfdən də artıq Ukraynanın bölüşdürülməsi məsələsi gündəmə gəlir. Bu baxımdan Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir”.

Vüqar İsgəndərov ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcəyini vurğulayıb: “Biz dünyaya göstərdik ki, öz haqqımızı hər bir vasitə ilə təmin edə bilirik. Bu baxımdan köhnəlmiş Minsk qrupunun problemin həlli istiqamətində yararsız olacağına əminik”.

APA

Xəbərlər