"Əminəm ki, Türkiyə xalqı doğru olana səs verəcək”
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
“Report”un İzmirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyəti Azərbaycan Türkləri Federasiyasını ziyarət ediblər.
Görüşdə Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxil olan Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri, deputatlar Anar İsgəndərov, Azər Badamov, YAP Təftiş komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Türkiyənin millət vəkilləri iştirak ediblər.
Toplantıda əvvəlcə çıxış edən Federasiya rəhbəri İsa Ambarcı qurumun yaradılması və məqsədi haqqında geniş məlumat verib. O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb:
“Bu tarixi nailiyyətdir. Biz zəfərimizə dil uzadanlarla, ermənilərlə əməkdaşlıq edənlərlə bir arada olmamışıq və olmayacağıq. Biz bu seçkilərin önəmli olduğunun fərqindəyik”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə günü-gündən inkişaf edir:
“Bizim qardaş ölkəyə gəlişimiz Prezident seçkilərinin keçirilməsinə təsadüf edir. Əlbəttə ki, bu seçkilər Türkiyənin daxili işidir. Mən bu seçkilərin qardaş ölkə və xalqı üçün uğurlu olmasını arzu edirəm”.
Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı bildirib ki, Türkiyə bu gün dünyanın ən güclü ölkələrindən biridir:
“Ümid edirəm ki, qardaş ölkənin xalqı Türkiyəni inkişaf etdirən, güclü və söz sahibi edənə öz dəstəyini ifadə edəcək. Əminəm ki, Türkiyə xalqı doğru olana səs verəcək”.
Türkiyə parlamentinin üzvü Ceyda Bölünməz Çankırı isə vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaşlığı dünyaya nümunədir:
“Biz birlikdə bir çox çətinlikləri aşmışıq. Belə bir səfərə görə də Azərbaycan nümayəndə heyətinə təşəkkür edirəm”.
Toplantı çıxışlarla davam etdirilib.