Cəmiyyət, Siyasət 7 May 2021, 17:36 | Baxış sayı: 324
Millət vəkili: "Qoy o zaman Aİ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-1994-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən çox azərbaycanlının taleyinə biganə qaldığını açıqlasın".

Üç erməni əsirinin Ermənistana qaytarılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan humanist addımlardan biridir. Ermənistan tərəfi beynəlxalq miqyasda əsirlərlə bağlı böyük hay-küy qaldırsa da, müxtəlif instansiyalara müraciətlər etsə də, azad olunanlar hərbi əsirlər deyil. Üçtərəfli Bəyanatının tələblərinə uyğun olaraq, noyabrın 10-dan sonra Azərbaycan ərazisində tutulan diversantlar hərbi əsirlər sayılmırlar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Ermənistan öz havadarları ilə birlikdə diversantlarla bağlı nə qədər hay-küy qaldırsa da, onun buna haqqı yoxdur. Çünki Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı haqqında hələ də heç bir məlumat yoxdur. Bəs onlar buna nə deyirlər? Bu yaxınlarda Kəlbəcərin Başlıbel yaxınlığında aparılan axtarışlar ermənilərin soydaşlarımıza qarşı amansız terror həyata keçirdiklərini bir daha təsdiqlədi. 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində mağaralara sığınmış 76 dinc sakinin mühasirə həyatı Birinci Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir. Mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 19 nəfəri girov götürülüb, 36 nəfər amansızlıqla qətlə yetirilib, 1 nəfər itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Təəssüf ki, Azərbaycan ərazisinin işğalı zamanı törədilən ağır cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib. Bizdən təxribat törədən vətəndaşlarını tələb edən Ermənistan xalqımıza qarşı törətdiyi saysız-hesabsız təxribatların, terror aktlarının cavabını verməlidir.

Arzu Nağıyev diqqətə çatdırıb ki, Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının və Avropa İttifaqının (Aİ) sədrinə müraciət edərək, Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırması anlaşılan deyil. Qoy o zaman Aİ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-1994-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən çox azərbaycanlının taleyinə biganə qaldığını açıqlasın. Bu susqunluğun səbəbi nədədir? Belə olan halda, 4 min azərbaycanlının taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

Arzu Nağıyev ATƏT-in Minsk qrupu ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu qurum 30 illik fəaliyyəti dövründə münaqişənin həlli istiqamətində heç bir müsbət irəliləyişə nail olmayıb. Münaqişə artıq Azərbaycanın öz gücünə həll olunub və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra edilib. Qurumun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas yoxdur. Minsk qrupu qarşıdan gələn dövrdə öz fəaliyyətini bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə, 10 noyabr Bəyanatında nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə, kommunikasiyaların açılmasına yönəltməlidir. Ermənistandan minalanmış ərazilərin xəritəsinin tələb olunması da buraya daxildir.

“Əgər Azərbaycan tərəfi humanist addım atırsa, qarşı tərəf də buna adekvat cavab verməlidir. 30 ilə yaxın torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaları üçün bölgədə təhlükəsizlik mühüm şərtdir. Həmin ərazilər minalardan təmizlənməlidir ki, qayıdış bərpa olunsun.

Müharibə artıq bitib. Qarşıda sərhədlərin demarkasiyası, bərpa-quruculuq işlərinin aparılması qalır. Artıq Qarabağda bərpa işləri gedir. Biz dünyaya göstərdik ki, hərb meydanında şərəflə vuruşduğumuz kimi, dinc quruculuq işlərində də öncülük”, -deyə deputat qeyd edib.

Xəbərlər