Millət vəkili: "Bu insanlar yenidən normal həyata qayıtmaqda çətinlik çəkirlər. Çox vaxt da yenidən həmin işə qayıdırlar".
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, ümumiyyətlə, istər insan alveri, istər narkomaniya, məcburi əmək, dilənçilik kimi problemlərdə sosial reabilitasiya gücləndirilməlidir: “Sığınacaqlara biz insan alveri qurbanlarını 2-3 ay yerləşdirməklə problemi həll etmiş olmuruq. Bu insanlar yenidən normal həyata qayıtmaqda çətinlik çəkirlər. Çox vaxt da yenidən həmin işə qayıdırlar. Bu, xüsusilə Azərbaycan cəmiyyətində belədir. Biz yeni fikirlər üzərində düşünməliyik. Bu insanların işə götürülməsi təşviq edilməlidir. Yataqxanalar tikilməlidir. Təhsil sistemindən başlayaraq, maarifləndirmə işini gücləndirməyə ehtiyac var. Bu istiqamətdə deputatların da təkliflərini dəyərləndirmək lazımdır”.