Milli Məclisdə təmsil olunan partiyaların 2022-ci il üzrə maliyyə hesabatları
Meclis.info Milli Məclisdə təmsil olunan siyasi partiyaların MSK-ya təqdim etdiyi maliyyə hesabatlarını araşdırıb.
Hesabatlardan məlum olur ki, ötən il ən çox gəlir əldə edən partiya Yeni Azərbaycan Partiyasıdır (YAP). Hakim partiya 2022-ci ildə 26.8 milyon manat gəlir əldə edib. Bu vəsaitin 23 milyon manata yaxın hissəsi üzvlük haqlarından, qalanı əmlakdan, ianələrdən, çap materiallarından və dövlət büdcəsindən daxil olub. 2021-ci illə müqayisədə YAP-ın gəlirləri 2 dəfədən çox artıb.
Milli Məclisdə təmsil olunan digər partiyaların gəlirləri əsasən dövlət büdcəsindən gələn vəsait hesabına formalaşıb.
Belə ki, Sabiq Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ötən il 366 min manat gəlir əldə edib. Bu vəsaitin hamısı dövlət büdcəsindən verilib.
Qeyd edək ki, VHP parlamentdə 3 deputatla təmsil olunur. Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən seçilən Rafael Hüseynov da VHP-nin üzvüdür.
İlqar Məmmədovun rəhbərlik etdiyi, parlamentdə Erkin Qədirlinin təmsil etdiyi Respublikaçı Alternativ (REAL) partiyasının büdcəsi 2022-ci ildə 360 min manata yaxın olub. Gəlirlərin yalnız 1500 manatlıq hissəsi üzvlük haqlarından əldə edilib, qalanı dövlət büdcəsindən ayrılan vəsaitlə formalaşıb.
Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyası (BQP) 304 min manatdan çox gəlir əldə edib, onun 125 manatı üzvlük haqlarından, 304 min manata yaxını dövlət büdcəsindən əldə edilib.
Parlamentdə təmsil olunan digər partiyalar - Fəzail İbrahimlinin “Ana Vətən” Partiyası (AVP), Razi Nurullayevin “Milli Cəbhə Partiyası” (MCP), Qüdrət Həsənquliyevin “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası” (BAXCP), Tahir Kərimlinin “Vəhdət Partiyası” dövlət büdcəsindən 304 min manatdan çox gəlir əldə edib, partiyaların heç bir üzvlük haqqı almayıb.
Milli Məclisin deputatı Asim Molazadənin sədri olduğu Demokratik İslahatlar Partiyasına (DİP) isə ötən il dövlət büdcəsindən 304 min manat vəsait ayrılıb.
110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilən Elşən Musayevin rəhbərlik etdiyi Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) da təxminən 304 min manat gəlir əldə edib. Maraqlıdır ki, ADMP ötən il gəlirlərində 100 manat üzvlük haqqı əldə etdiyini göstərib.
Milli Məclisin deputatı Sabir Hacıyevin sədri olduğu Vətəndaş Birliyi Partiyası isə maliyyə hesabatında gəlir və xərclərini sıfır olaraq bəyan edib.
P.S. Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən, Milli Məclisdə deputatı olan partiyalara dövlət büdcəsindən vəsait ayrılır.