Siyasət 24 Avqust 2022, 16:51 | Baxış sayı: 269
"Milli Məclisdə siyasi iş yoxdur, siyasi müzakirələr isə çox azdır".

Deputat Erkin Qədirli "Açıq Azərbaycan" yutub kanalına müsahibəsi zamanı Milli Məclisin fəaliyyəti ilə bağlı bəzi açıqlamalar verib. Deputat parlamentdə müxalif deputatların olduğunu, ancaq instutsional mənada müxalifətin olmadığını bildirib: "Hətta müxalif sayılan deputatların hamısını bir yerə toplasan, bir fraksiya etmir. Çünki qanuna görə fraksiyada ən azı 25 nəfər olmalıdır. Bizdə isə o qədər müxalif fikirli deputat yoxdur. Bu baxımdan Milli Məclisdə siyasi iş yoxdur, siyasi müzakirələr isə çox azdır. Düşünürəm ki, nə vaxtsa parlament seçkiləri demokratik formada olsa belə, siyasi iş axsaq olacaq. Çünki bu ənənə formalaşmayıb. Hətta partiya rəhbərlərinin debatlarında belə ideoloji mübahisə, demək olar ki, görünmür".

Erkin Qədirli büdcə prosesində Milli Məclisin rolu ilə bağlı isə bunları qeyd edib: "Büdcə prosesində parlamentin rolu çox azdır. Yekunda Milli Məclis qəbul edir. Amma siyasi fraksiyaların, müzakirələrin olmaması hökumətin təqdim etdiyi baxışın dominantlığına gətirib çıxarır. Söz alıb çıxış etmək olur, ancaq əksəriyyət deputatların hakim partiyanın üzvü olması səbəbilə, yekunda azlıqda qalırsan. Seçkiləri baykot etmək bunun həll yolu deyil. Problemi aradan qaldırmaq üçün hər seçkidə müxalifətin parlamentdə təmsilçiliyini artırmaq kimi bir hədəf qoyulmalıdır. Onsuz da seçkilərin saxtalaşdırılması seçiciləri ruhdan salır, inamını azaldır.         

Xəbərlər