Milli Məclis 6 Oktyabr 2023, 14:02 | Baxış sayı: 285
"Milli Məclisdə Qadın Təmsilçiliyi"

Meclis.info növbəti araşdırma yazısını sizlərə təqdim edir.

Hazırda Finlandiya, İsveç, Hollandiya kimi ölkələrdə parlamentdə gender kvotası tətbiq olunur. 2020-ci ildə Gürcüstanda da Seçki Məcəlləsinə gender kvotasını nəzərdə tutan dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, seçkilərdə iştirak edən partiyaların təqdim etdiyi partiya siyahılarında namizədlərin hər dörd nəfərindən biri qadın olmalıdır.

Bir vaxtlar Azərbaycanda da parlament və bələdiyyə seçkilərində gender kvotası məsələsi müzakirə edilirdi. Hətta parlamentin 3-cü çağırış millət vəkili olmuş Aynur Camalqızının (Quliyeva) bu barədə təklifləri olub. O, 2011-ci ildə “Ayna” qəzetinə verdiyi müsahibədə deyir:

“... Ümumiyyətlə, Avropada kvota üsulundan qadınların siyasi proseslərdə fəallaşması üçün keçid mexanizmi kimi istifadə edilir. Dünya dövlətləri müxtəlif vaxtlarda bu üsuldan özünəməxsus şəkildə bəhrələnib və ortaya olduqca ciddi nəticələr qoya biliblər. Məsələn, Skandinaviya ölkələrini xatırlatmaq olar. Bilirsiniz ki, vaxtilə bu ölkələrdə seçkili orqanlarda qadınların təmsilçiliyi üçün kvota qoyulub və bu sistem sayəsində parlamentdə qadınların sayı artmağa başlayıb. Qadınlar üçün kvota sayəsində bu gün Skandinaviya parlamentlərində qadınlar sayca kişilərdən çoxdur.

... Və onu da qeyd etmək lazımdır ki, bu ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sıradadır.

... Məncə, Azərbaycan bu ölkələrin uğurlu təcrübəsindən bəhrələnməlidir”.


 

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 ildən çox keçməsinə baxmayaraq, hələ də vəziyyət ürəkaçan deyil. Bu gün Azərbaycanda 116 millət vəkilindən 21-i qadındır. Bu, 1995-ci ildən bu yana ən yüksək göstəricidir. Milli Məclisin birinci çağırışında 133 deputatdan yalnız 15-i qadın olub. Onların 7-si Yeni Azərbaycan Partiyasının üzvü, 8-i isə bitərəf olub. Birinci çağırış qadın millət vəkillərindən yalnız biri komissiya sədri vəzifəsini tutub. Manafova Asya Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin sədri olub. İki qadın millət vəkili isə komitə sədrinin müavini vəzifəsini tutub.

2000-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı bir qədər də aşağı düşüb. Milli Məclisin ikinci çağırışında 136 millət vəkilindən sadəcə 14-ü qadın olub. Onlardan 9-u Yeni Azərbaycan Partiyasının üzvü, 5-i bitərəf olub. İkinci çağırış qadın millət vəkillərindən 1-i, Baxşəliyeva Gövhər Milli Məclis sədrinin müavini, 1-i komitə sədri (Manafova Asya) vəzifəsini tutub.

2005-ci il parlament seçkilərində, yəni Milli Məclisin üçüncü çağırışında da millət vəkillərindən 14-ü qadın olub. Onlardan 8-i bitərəf, 5-i Yeni Azərbaycan Partiyasının üzvü, 1-i isə, yəni Quliyeva Aynur (Camalqızı) Müsavat Partiyasının üzvü olub. A.Quliyeva 1995-ci ildən bu yana bitərəf və YAP üzvü olmayan yeganə qadın deputat olub. 

Üçüncü çağırış qadın millət vəkillərindən 7-si parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, 1-i komissiya sədri, 1-i isə Milli Məclisin sədrinin müavini olub. Bahar Muradova 3-5-ci çağırışlarda Milli Məclisin sədrinin müavini vəzifəsini tutub. 2005-ci il parlament seçkilərində millət vəkili seçilmiş 14 qadından 13-ü bölgələrdən seçilib.

Milli Məclisin dördüncü çağırışında millət vəkili seçilən qadınların sayında əvvəlkilərə nisbətən artım müşahidə edilib. Belə ki, 2010-cu ildə keçirilən parlament seçkilərində 19 qadın millət vəkili seçilib. Onlardan 12-si Yeni Azərbaycan Partiyasından, 7-si isə bitərəf olub. Bahar Muradova 2005-2010-cu illərdə olduğu kimi yenidən Milli Məclisin sədrinin müavini olub. Parlamentin dördüncü çağırışında bir qadın millət vəkili komitə sədri vəzifəsini tutub. 109 saylı Balakən seçki dairəsindən millət vəkili seçilən Aslanova Rəbiyyət Milli Məclisin İnsan hüquqları komitəsinin sədri vəzifəsini tutub.

Parlamentin 5-ci çağırışında da qadın millət vəkillərinin sayında artım müşahidə edilib. Belə ki, 2015-ci ildə keçirilən parlament seçkilərində 21 qadın millət vəkili seçilib. Onlardan 2-si – Muradova Bahar və Naxçıvanlı Aqiyə komitə sədri vəzifəsini tutub. B.Muradova Milli Məclisin 5-ci çağırışında da parlament sədrinin müavini vəzifəsində olub. 21 qadın millət vəkilindən 12-si YAP üzvü, 9-u bitərəf olub.

Yuxarıda da bildirdiyimiz kimi, hazırda Azərbaycan Respublikasının Milli Məclisində 21 qadın millət vəkili var. Qalib gəlmiş qadınlardan 1 nəfər Naxçıvan MR-dən, 8-i Bakıdan, 1-i Sumqayıtdan, 11 nəfər isə bölgələrdən seçilib. Hazırda mandat sahibi qadın millət vəkillərindən 13-ü YAP üzvü, 8-i isə bitərəfdir. Parlamentin hazırkı sədri də qadındır. Sədr Sahibə Qafarova 4, 5 və 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Onun MM sədri seçilməsi respublika tarixində bir ilkdir. Bundan əlavə, Hicran Hüseynova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədridir. O, parlamentdəki yeganə qadın komitə sədridir. Ötən günlərdə dünyasını dəyişən millət vəkili Qənirə Paşayeva isə parlamentin Mədəniyyət komitəsinin sədri idi. Məlahət İbrahimqızı, Jalə Əliyeva və Sevinc Fətəliyeva MM-də komitə sədrinin müavini vəzifəsini tutan qadın millət vəkilləridir. 

Azərbaycanda gender kvotası məsələsi bir neçə dəfə müzakirə edilsə də, parlamentdə kvotanın tətbiq edilməsi məsələsi gündəmə gətirilməyib. Bu, daha çox siyasi partiyalara şamil edilir. Ümumiyyətlə, parlamentdə gender kvotasının tətbiqi ilə bağlı mətbuatda sadəcə millət vəkili Zahid Orucun qısa bir açıqlamasını tapmaq mümkündür. Z.Oruc ötən il “Şərq” qəzetinə verdiyi bir açıqlamada deyib: “Parlamentdə təmsil olunanların müəyyən hissəsi qadınlardır. Hər bir siyasi qurumda müavinlərin 1/3 nisbətdə qadın olması partiyaları mexaniki prosesə qoşacaq. Əgər biz qadını cəmiyyətdəki fəallığından, təhsilindən, öz iradəsindən irəli gəlməsə bunu süni kvotalarla edə bilməyəcəyik. Qadınlarımızın gələcək ölkə həyatında hər hansı statusda iştirakında heç bir problem yoxdur. Sadəcə bunu yeni layihənin predmetinə çevirmək yanlış sayıldı və işçi qrupu bunu qəbul etmədi”.

Xəbərlər