"Mental xüsusiyyətlərə görə qadınların çoxu təklikdə taksini tərcih etmirlər, o halda xəstəxanaya tələsən, yaxud vacib işi olan qadınlar nə etsinlər?"
“Deputat olmaq imtiyazdan çox, məsuliyyət daşımaq deməkdir”
Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Musavat.com-a müsahibəsində Operativ Qərargahın şənbə-bazar günləri ilə bağlı tətbiq etdiyi ictimai nəqliyyatın fəaliyyətilə bağlı qadağasına etirazını bildirib.
- Fazil bəy, uzun müddətdir etirazlara səbəb olan ictimai nəqliyyatla bağlı qadağanı tətbiq edənlər doğrudanmı qərarın yanlış olduğunu bilmirlər? Burada qazanan kimdir, el diliylə desək, sadəcə, taksi şirkətlərimi?
- Dəfələrlə söyləmişəm ki, bir sıra qərarlar var ki, onları hökmən əhalinin real durumuna dəqiq araşdıraraq qəbul etmək lazımdır. Bunlardan biri də istirahət günləri ictimai nəqliyyatın işləməməsi barədə qərardır. Uzun müddət metro işləmədi, bunun əziyyətini kim çəkdi? Əlbəttə, avtobusda bir-birinə yapışan və daha çox yoluxma riski daşıyan insanlarımız. Düşünmürəm ki, bu qərar bilavasitə pandemiyanın yayılması qayğısı ilə bağlı olsun. Çünki əsaslandırılması, demək olar ki, ağlabatan deyil. Təsəvvür edin ki, Bakının ətraf kəndlərindən kimsə mərkəzə həyati vacib iş üçün gəlmək istəyir və taksiyə də verməyə pulu yoxdur. Bazar günləri yarmarkaya alış-veriş etməyə gedənlər, günəmuzd işləyən fəhlələr, xadimələr, avtomobilsiz jurnalistlər, müəllimlər, həkimlər, tibb bacıları, sadə vətəndaşlar onsuz da aşağı səviyyədə olan gəlirlərindən əhəmiyyətli qismini niyə taksi xidmətinə ayırmalıdırlar? Ən ağır problemi də qadınlar yaşayır. Mental xüsusiyyətlərə görə qadınların çoxu təklikdə taksini tərcih etmirlər, o halda xəstəxanaya tələsən, yaxud vacib işi olan qadınlar nə etsinlər? Əlimdə əsas yoxdur ki, bunu məhz taksi şirkətlərinin marağını güdənlərin qəbul etdiyini söyləyim, ancaq əmin olduğum məsələ budur ki, məntiqsiz və vətəndaşa məqsədyönlü şəkildə əziyyət yaradan bir qərardır. Təəssüf ki, səsləndirilən fikirlərə əhəmiyyət verən və ictimai rəyi vecinə alan kimsə yoxdur.
- Bundan əvvəlki aylarda “idman zallarını açın” çağırışlarınızı oxuyurduq. Düzdür, nəhayət, idman zalları açıldı, amma zalların uzun müddət qapalı saxlanılmasından itirənlər az olmadı, bəlkə də millət və dövlət səviyyəsində itirdik. Tokio Olimpiadasındakı nəticə şahiddir. Razılaşırsınız?
- Tamamailə haqlısınız. Olimpiadada idmançılarımızın formasızlığının səbəblərindən biri də budur. Uzun müddət fərdi qaydada idman zallarında məşq etməyi qadağan etdilər, çığırdıq, bağırdıq, xeyri olmadı, nəticə də göz qabağındadır. Ümumilikdə idman siyasətimizdə əhəmiyyətli boşluqlar var. Azərbaycan adına azərbaycanlının çıxış etməsi ənənəsinə laqeyd yanaşmaqla nəsillər arasında varisliyi darmadağın etmişik. Federasiyaların çoxusu ölü vəziyyətdədir. Basketbol, su polosu, ot üstdə xokkey kimi oyunlar, yüngül atletika, ağır atletika tənəzzül içindədir. Cüdo, güləş kimi sahələrdə də ümidlərimiz suya düşməkdədir. Futbol, həndbol, voleybol növlərində də ürəkaçan vəziyyət yoxdur. İdman sahəsində çox ciddi islahatlara ehtiyac var.
- Xəzər sahillərindəki tikililərə, dənizin hasarlanmasına qarşı mübarizənizi davam etdirirsiniz. Bilirik ki, bu mübarizə heç də asan deyil, çünki on illərdir “qala”lar quran imkanlı adamlardan söhbət gedir və onlar asanlıqla mövqelərini əldən vermək istəməzlər. Qanunu pozmağa cəsarət edənlər bir deputatın hücumundan niyə narahat olsunlar ki? Bu istiqamətdə “döyüşlər”də vəziyyət necədir? “Mövqe döyüşləri” Xəzərin hansı istiqamətində gedir?
- Xəzərin hasarlanması əslində bir mədəniyyət problemidir. Mədəni cəmiyyətlərdə dənizin hasarlanmasına qarşı mütləq geniş masştablı bir ictimai dirəniş olmalıdır. Bizdə belə bir dirəniş olmadığına görə, yuxarılarla azacıq əlaqəsi olan “ağ adamlar” biz “hinduların” ən nadir təbii sərvəti olan dənizi əlimizdən almağa başlayırlar. Dənizə çıxış üçün insanlara cığır da verməyi düşünmürlər. Mən dəniz sahilində turizm komplekslərinin salınmasının qatı tərəfdarıyam, bunun üçün dövlətin hərtərəfli təşviq siyasətini də dəstəkləyirəm, ancaq insanların dənizə çıxışını beton hasarlarla, darvazalarla bağlayanlar bu siyasətə vətəndaş dəstəyini azaltmış olurlar. Elə nemətlər var ki, onların qorunmasını dövlət ictimai institutlarla birlikdə gerçəkləşdirməsə, bu ekoloji fəlakəti qaçılmaz edəcəkdir. Dəniz də, çay da, meşə də məhz həmin nemətlərdəndir. Dənizə çıxışların bağlanması sadəcə bir görməmişlik, vəhşilik aktı deyil, vətəndaş düşüncəsində ölkənin sərvətlərinə qarşı biganəliyinin yaranmasına çalışmaq deməkdir. Dənizi, meşəni, yolu, çayı vətəndaş öz milli sərvəti hesab etməsə, onu qorumayacaqdır. Bizdə artıq həmin təhlükəli sindrom yaranmaqdadır. Xəzərə işğalçı zehniyyətlə yanaşanlar ekoloji fəlakətə yol açırlar və hələ də bunun fərqində deyillər.
- Deputat həmkarınız Eldəniz Səlimovun etdiyi hərəkətlər sizinçün gözlənilməz oldu? Parlamentdəki müzakirələr və verilən qərara cəmiyyətin reaksiyası barədə nə deyə bilərsiniz?
- Mənim üçün, ümumiyyətlə, həyatda gözlənilməz hərəkət və ya hadisə yoxdur. İnsan və təbiət varsa, hər ikisi dərk etmədiyimiz enerji mənbəyidirsə, gözlənilməzlik həmişə gözləniləndir. Parlament müxtəlif səviyyədə, dünyagörüşdə, əxlaqi dəyərlərdə olan insanların birləşdiyi siyasi məkandır. Həmin siyasi məkandan kənarda hansısa deputatın davranışını nəzarət altında tutmaq mümkünsüz bir işdir. Qanunazidd əməl törədilib, bunu törədən Milli Məclisin deputatı olsa da, əməlinə görə də məsuliyyətə cəlb olunub. Parlamentdə bu məsələ ətrafında müzakirələrdən də, verilən qərardan da tam razı qaldım. Qanunvericiliyə uyğun şəkildə prokurorluğun təqdimatına baxıldı və səs verildi. İntizam komissiyasının rəyi də əsaslandırılmış formada idi. İctimai rəydə də əqli-səlim insanların, məncə, hansısa narazılığı olmamalıdır. Kimliyindən asılı olmayaraq hakimiyyət təmsilçisinə qarşı zorakılıq tətbiq edilirsə, bunun bədəlini məsuliyyətin fərdiliyi prinsipinə uyğun olaraq həmin şəxs hökmən ödəməlidir. Mən polisin fəaliyyətini ideallaşdırmıram, hansısa davranışından narazılıq varsa, şikayət mexanizmi mövcuddu və bunu tətbiq etmək lazımdır. Lakin polisə əl qaldırmaq, onun əmrlərinə tabe olmamaq ölkədə ictimai asayişin qorunmasına ciddi zərbələr vurar və buna sağlam düşüncəli hansısa vətəndaş rəvac verməməlidir. Xatırlayırsınızsa, bir müddət öncə də böyük bir qaragüruh kütləsinə qarşı eyni mövqeyi olduğu kimi səsləndirmişdim.
- Maraqlıdır, siz nə vaxtsa kimisə əzişdirmək istəmisinizmi və kiminsə hərəkətləri “sən fəxr elə ki, səni Milli Məclisin deputatı döyür” demək həddinə çatdırıbmı?
- Həmişə kimisə əzişdirməkdən çox, tərbiyələndirmək barədə düşünmüşəm. Əzişdirdin, hirsin soyudu, adam tərbiyələnmədisə, yenə də öz böhtanını, dələduzluğunu, şər əməlini davam etdirəcək. Sənə qarşı da, başqalarına qarşı da. Milli Məclisin deputatı olmaq imtiyazdan daha çox, məsuliyyət yükü daşımaq deməkdir. Seçicinin, cəmiyyətin, millətin, dövlətin məsuliyyət yükünü daşımaq isə insandan həm də idealist yanaşma tələb edir. Təəssüf ki, deputat da, məmur da, hakim də, alim də iki kateqoriyaya ayrılır: imtiyaz eşqində olanlar və məsuliyyət yükü daşıyanlar. Xatırlatdığınız ifadə imtiyaz sevdasına düşənlərə aiddir, məsuliyyət yükünü daşıyanlar yalnız cəmiyyət üçün gördüyü faydalı işlərlə fəxr edirlər.
- Şəxsən sizə deputat həmkarınızın bu gün Kürdəxanıda oturması necə təsir bağışlayır? İstintaqın sonrakı gedişatını necə təsəvvür edirsiniz? Həmkarınıza “sovqat” aparmaq, yaxud göndərmək keçirmi ürəyinizdən?
- Adətən, qapıya yüz faizli qolu vura bilməyən futbolçu haqqında deyirlər ki, ən çətin işi gördü. Hər halda Kürdəxanını seçmək ən az ehtimal olunan alternativlərdən biridir. Buna üzülürəm, ancaq potensial olaraq öz davranışına nəzarət edə bilməyən bir sıra insanlar üçün Kürdəxanı sindromu həmişə mövcud ola bilər. Mən, ümumiyyətlə, yaxın dostlarıma, ərkim çatan insanlara hər hansı məclisdə dəfələrlə təkrarladığım tövsiyəm bu olur: “Spirtli içki qədər insanı hörmətdən salan ikinci bir şey yoxdur. Heç olmasa, ictimai yerlərdə içmə, iradəni tənzimləyə bilmirsənsə, otur evində iç və çölə çıxma”. Bunu sadəcə inancımdan irəli gələn bir xatırlatma kimi vurğulamıram. Siqaret çəkməyə də münasibətim belədir. Dəfələrlə ərkim çatan insanın əlindən siqaret qutusunu alıb əzərək zibil qutusuna atmışam. Bu hadisəyə də davranışa məhz iradəyə bu cür nəzarətsizliyin doğurduğu nəticə kimi baxıram. İstintaqın obyektiv aparılacağına qəti şübhəm yoxdur. Eldənizlə yol yoldaşı olmamışam, bir məclisdə də oturmamışam, parlamentdə rastlaşanda normal münasibətimiz olub, əgər mənim köməyimə ehtiyac olarsa, əlbəttə, maddi və mənəvi yardım edərəm.
- Fazil bəy, Jirinovski növbəti dəfə həqarət etdi, geniş etirazlarla müşayiət olunan təpkilərin şahidi olduq. Sizcə, bu, Dövlət Dumasının deputatının axmaq hərəkətinə adekvat reaksiya sayıla bilərmi? Sizə elə gəlmirmi ki, daha çox özümüz deyib, özümüz eşidirik, “rusca” olan məsələlərə öz dilimizdə etirazlar sərgilməklə?
- Jirinovski Rusiyanın imperiya ambisiyalarının siyasi tərcüməçisi kimi özünü təqdim edir və adətən, bunu təlxək üslubu ilə gerçəkləşdirir. Fikrimcə, onun kimilərə cavab forması olaraq hər iki dilin imkanlarından yararlanmaq lazımdır. Öz dilimizdə deyilənlər öz auditoriyamız üçün vacibdir. Rus dilindəki isə onların mühitində etirazımızın görünməsinə xidmət edir. Niyə öz içimizdəki vacibdir? Onun çıxışında ilk növbədə Azərbaycan prezidentinə hörmətsizlik ifadə olunmuşdu. İkinci isə Azərbaycana qarşı işğalçı baxış sərgilənmişdi və ABŞ əli ilə müxalifəti dövlət çevrilişinə təşviq etmə leytmotivi yer almışdı. Bunun təhlükəsi odur ki, şəhidlərin qanı bahasına dırmaşdığımız Şuşa zirvəsindən kimlərsə bizi əliboş enişə həvəsləndirir. Öz dilimizdə hər kəsə aydın olmalıydı ki, düşmənin niyyəti nədir və biz siyasi baxışlarımızı fərqliliyinə rəğmən dövlətin zəifləməməsi, hakimiyyət boşluğuna yol verilməməsi kimi məsələlərə həssaslıqla yanaşmalıyıq. Çünki Qarabağda əldə etdiyimiz zəfərin uğurlu nəticələrinə tam şəkildə qovuşmamız irəlidəki illərdə bu həssaslıqdan asılı olacaq. Hər halda öz dilimizdə olanın da, diplomatik dildə edilənin də, rusca tərcümə olunanın da faydalı olduğunu düşünürəm.
- Yay tətilinizi harada keçirməyi planlaşdırırsınız? Ümumən Azərbaycanın turizm sektoru, turzim xidməti haqda düşüncələriniz necədir?
- Yay tətili termini mənim üçün orta məktəb illərində qalıb sanki. Artıq iş rejimim elədir ki, ən məhsuldar çalışdığım dövr bəlkə də yay vaxtıdır. Və bəlkə də ən az istirahət etdiyim mövsüm də budur. Yeni kitab üzərində çalışmalarımı əsasən, yay vaxtları edirəm. Təbii ki, mütaliə, media ilə təmas, futbol, basketbol, dəniz və s. rituallarımda fasilə yaratmamağa çalışıram. Bölgələrə də baş çəkirəm, ancaq iki-üç günlüyə. Uzun müddət iş rejimimdən aralanmaq istəmirəm. Turizm sahəsi də fikrimcə, idmanda, təhsildə, mədəniyyətdə olduğu kimi, daha çox naşıların əlindədir. Ona görə də ölkənin sərvətlərindən və təbii potensialından lazımi səviyyədə istifadə etməyi hələ də bacarmırıq. Təəssüf ki, Gürcüstanda turizmə baxışla kiçicik müqayisə fikrimcə, bu iddiamı rahat təsdiqləyə bilər. Hər halda, Qarabağın turizm imkanlarına daha spesifik yanaşmalıyıq ki, buranı beynəlxalq turizm üçün cazibədar bölgəyə çevirə bilək.