Cəmiyyət 9 Fevral 2022, 16:30 | Baxış sayı: 218
"“Media haqqında” qanunla mətbuat münasibətlərinin yenidən tənzimlənməsi faydalıdır".

“Prezident İlham Əliyevin təsdiq etdiyi “Media haqqında” qanunla mətbuat münasibətlərinin yenidən tənzimlənməsi faydalıdır. Həm mətbuata münasibəti müsbət istiqamətdə dəyişəcək, həm də mətbuatın məsuliyyətini artıracaq, eyni zaman da medianın azadlığına xələl gətirən hansısa addıma rəvac verməyəcək. "Media haqqında" qanunda jurnalistlərin müəyyən layihələrdən istifadəsi ilə bağlı qeydlər var. Bunlardan biri də onların güzəştli ipoteka kreditlərindən yararlanması ilə bağlıdır. Hesab edirəm ki, bu, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühümdür".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, "Media haqqında" qanun cəmiyyətdə ətraflı şəkildə müzakirə olunub və müsbət haldır ki, Milli Məclisdə, hətta büdcədən sonra ən çox müzakirə edilən qanun hesab edilə bilər: "Həmin qanunda mətbuatın imkanlarını hansısa şəkildə məhdudlaşdıran müddəalar nəzərdə tutulmayıb. Əksinə, mətbuatla münasibətlərin normal fəaliyyətinin qurulması istiqamətində anlaşma əldə edildi. Hesab edirəm ki, bu, medianın azadlığına yaxşı mənada təsir edə biləcək amillərdəndir. Burada qeydiyyat, vəsiqə alınması məsələsi könüllü xarakter daşıyır. Yəni, kiməsə xüsusi olaraq imtiyaz verilmir. Fikrimcə, qanunun qəbul edilməsi ilə əlaqədar olaraq mətbuat da məsuliyyətini artırmalıdır. İnformasiyanın səhihliyinə, obyektivliyinə güvənərək müəyyən paylaşımlar etməli və materiallar dərc etməlidirlər".

Xəbərlər