Qanun Layihələri 31 Avqust 2022, 16:30 | Baxış sayı: 314
“Media haqqında” qanun layihəsinin parlamentdən keçdiyi yol

Meclis.info Milli Məclisin stenoqramlarına əsasən, “Media haqqında” qanun layihəsi üzrə parlamentdəki çıxışların monitorinqini aparıb.

Məlum olub ki, qanun layihəsi ilə bağlı plenar iclaslarda aparılan müzakirələrdə cəmi 21 deputat çıxış edib. Deputat Vahid Əhmədov bu layihənin Parlamentə təqdim olunmasının zəruri olduğunu düşünüb. Onun fikrinə görə, “KİV haqqında” qanunun qəbulundan 20 ildən çox vaxt keçib: “Bu müddət ərzində Azərbaycanda və dünya mediasında çox ciddi proseslər baş verib”.

Jurnalistin ali təhsilli olması tələbi ilə bağlı məsələyə də toxunan deputat bu dəfə əks mövqedən çıxış edib. Onun qənaətinə görə, ölkədə ali təhsili olmadan peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olan kifayət qədər şəxs var: “Gəlin biz baş redaktora və onun birinci şəxslərinə ali təhsili həvalə edək, ali təhsilli olsun. Niyə biz bütün jurnalistlərə deməliyik ki, sən mütləq ali təhsilli olmalısan?”

“Media haqqında” qanun layihəsində media azadlığının təmin olunmadığını söyləyən Erkin Qədirli isə qanunun əleyhinə səs verən yeganə deputatdır: “Hər yerdə qeydiyyat, əmək müqaviləsi, mülki müqavilə, reyestr, loqotip, bəzi hallarda şuranın razılığı və müvafiq dövlət orqanının icazəsi tələb olunur. Jurnalistika axı azad peşədir, dövlət vəzifəsi deyil ki, bunu bu şəkildə reqlamentləşdirək”. 

Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa isə ali təhsil və məcburi əmək müqaviləsi tələblərini götürməklə, media reyestrində qeydiyyat məsələsinin yüngülləşdirilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələsinin həlli jurnalistlərin xeyrinə bir addım olacaq: “Bu, həm də “reket jurnalistika”nın qarşısını almağa imkan verəcək”. 

Qanun layihəsi ilə əlaqədar ən çox təklif olunan məsələlərdən biri də sosial şəbəkələrdə tənzimlənmə işinin aparılması olub. Milli Məclisin üzvlərindən bu mövzuya daha çox Elman Nəsirov, Azay Quliyev və Nigar Arpadarai maraq göstərib. Tənzimlənmə tərəfdarı deputatlardan sayılan Məlahət İbrahimqızının plenar iclasda sualı isə ciddi maraq doğurur: “Nə üçün bu qanun layihəsində “TikTok”, “Facebook”, “Twitter” və digərlərinin tənzimlənməsi ilə bağlı müəyyən müddəalar salınmayıb?”

Monitorinq əsasında 5 deputatın mətnlərini təqdim etsələr də, çıxış etmədikləri müəyyən olub. Onlar arasında yer alan Könül Nurullayeva qanunu belə dəyərləndirib: “Bu sistem jurnalistlərin hüququnu məhdudlaşdırmır, sadəcə peşəkar jurnalistləri müəyyənləşdirir”. Müzakirələrdə çıxış etməyən digər deputat Sədaqət Vəliyeva isə təqdim etdiyi mətnində  “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyətin qanunun təsir dairəsinə daxil olmadığını vurğulayıb.

“Meclis.info”nun apardığı araşdırmaya görə, 2021-ci ilin payız sessiyasında müzakirə olunan “Media haqqında” qanun layihəsinin 3 oxunuşda qəbulu 2 saat 39 dəqiqə çəkib. Birinci və ikinci oxunuşlar 1 saatdan çox, üçüncü oxunuş isə sadəcə 14 dəqiqə davam edib. İlk oxunuşda 87 deputat qanun layihəsinin lehinə, iki deputat əleyhinə səs verib. İkinci və üçüncü oxunuşlarda isə müvafiq olaraq, 98 və 99 deputat qanun layihəsinin lehinə, yalnız bir deputat əleyhinə səs verib.


Xəbərlər