“Mədəniyyət Nazirliyi tərəfindən Ramiz Novruzun dəfninin təşkil edilməməsinə təəssüflənirəm”
“Xalq artisti Ramiz Novruzun vəfatı, əlbəttə, hər kəsi kədərləndirir. Əgər onun ölümünə təəssüf hissi varsa, bu hiss on minlərlə insan tərəfindən bildirilirsə, bu, Ramiz Novruza ən böyük hörmət və ehtiramın ifadəsidir. İnsan dəbdəbəli dəfn olunması, haqqında çoxsaylı nekroloqlar yazılması ilə deyil, insanların qəlbində yurd salması, onlar tərəfindən xatırlanması ilə qiymətlidir. Mədəniyyət Nazirliyi tərəfindən Ramiz Novruzun dəfninin təşkil edilməməsinə təəssüflənirəm. Nazirlik bunu etməli idi. Etməyibsə, bunu faciə kimi, mərhum Xalq artistimizin sənətinin dəyərsizliyi kimi qiymətləndirmək düzgün deyil. Ramiz Novruz sənətsevərlər tərəfindən layiqincə dəyərləndirilən, sevilən, yeri görünən bir aktyor idi. O, xalqımızın qəlbində yaxşı sənətkar kimi yaşayacaq...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat Xalq artisti Əli Nurun Ramiz Novruzun dəfnində səsləndirdiyi tənqidi fikirləri dəfndən bir gün sonra inkar etməsinə görə hökumətin günahlandırılmasına da münasibət bildrib: “Xalq artisti Əli Nurun Mədəniyyət Nazirliyinin ünvanına fikilər söyləməsi və sonradan öz fikrindən daşınması psixoloji vəziyyətdən yaranmış bir hal ola bilər. Çox vaxt əziz bir adamını itirən insan əvvəlcə həddən artıq aqressiv olur, gözünə heç nə görünmür, heç kimi eşitmək istəmir. Lakin az bir müddətdən sonra sakitləşir, hərəkətlərinin düzgün olmadığını anlayır və sözlərinə düzəliş edir. Burada qəbahət yoxdur. Belə halları şişirtmək, dünyadan köçənlərimizin ruhunu incitmək düzgün olmaz. Allah Ramiz Novruza rəhmət etsin. O, sənət, teatr tariximizdə öz yeri olan insan idi. Belə də xatırlanacaq...”