Ümumi 9 Fevral 2023, 15:16 | Baxış sayı: 216
“Matəm elan edilməklə nəsə bir şey olacaqsa, buyurun, deyin, onsuz da hamının ürəyi, gözü ağlayır...”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Türkiyədə baş verən faciə ilə bağlı Azərbaycanda bir günlük matəm elan edilməsi təklifinə münasibət bildirərkən göz yaşlarını saxlaya bilməyib.

 

Məlahət İbrahimqızı Pravda.az-a müsahibəsində deyib ki, Azərbaycan belə ağır günlərdə Türkiyənin yanındadır: “Yəni Azərbaycanda matəmin elan edilməsi ilə Türkiyəyə olan sevgimizə və ya bu zəlzələ ilə bağlı münasibətimizə nəsə bir dəyişiklik olacaqmı? Onsuz da zəlzələnin başladığı ilk gündən xalqımız - on milyon əhali bir yumruq, bir ürək olub. 6 fevraldan - Türkiyədəki zəlzələni, onun törətdiyi fəlakəti, dağıntıları eşidəndən bəri Azərbaycanda elə bir insan varmı ki, ürəkdən gülsün, sevinsin? Fevralın 6-dan bu günə qədər Azərbaycanda insanlar, bəlkə də, Türkiyədə yaşayanlardan da daha ağır hisslər keçirirlər, çünki biz uzaqdayıq. Başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva olmaqla 10 milyonluq Azərbaycan xalqı Türkiyəmiz üçün səfərbər olmuşuq. Hər kəs Türkiyənin acısını öz acısı kimi hiss edir. Hər kəs qardaş ölkənin itkisini nəinki ölkəmizin, öz şəxsi itkisi hesab edir. Möhtərəm Prezidentimizin dünən Türkiyənin Bakıdakı səfirliyində olarkən zəlzələ ilə bağlı verdiyi müsahibəsini oxuyanda hiss edirsən ki, hər cümləsində nə qədər hüzn, ürək ağrısı var. Cənab Prezident Türkiyə üçün rəsmi, protokol xatirinə deyil, “bir ürək, bir can...” kimi nə qədər səmimi, duyğusal sözlər səsləndirdi. Möhtərəm Prezidentimizin, eləcə də möhtərəm Birinci xanımımızın zəlzələ ilə bağlı mətbuatda verilən fikirlərini oxuduqca anlayırsan ki, onların ürəkləri Türkiyənin zəlzələ baş verən bölgələrində döyünür. Bu gün Azərbaycanda yaşayan, imkanı çox məhdud olan ağbirçək nənənin evinin bütün əşyalarını toplayaraq, zəlzələ bölgəsinə  göndərməsi Türkiyədə də  sosial şəbəkələrdə ən çox  paylaşılan görüntülərdəndir. Bu gün hər kəs Türkiyə üçün nəsə etmək istəyir. Bu mənada başa düşə bilmirəm ki, ölkədə bir günlük matəm elan olsaydı, daha nələr olunmalı idi? Bütün televiziya kanallarında şou, əyləncə xarakterli verilişlərin hamısının mövzusu bu gün Türkiyə ilə bağlıdır. İnsanlar ürəklərini soyutmaq üçün Türkiyə səfirliyinin qarşısına axın-axın gedib, gül-çiçək qoyurlar. Bölgələrdən tutmuş Azərbaycanın hər yerindən insanlarımız bu gün imkanları daxilində nəsə edir. Əgər matəm elan edilməklə nəsə bir şey olacaqsa, buyurun, deyin. Onsuz da hamının ürəyi də, gözü də ağlayır. Hesab edirəm, xalqımızın Türkiyədə baş vermiş zəlzələ ilə bağlı bu həmrəyliyinə, müqəddəs və sonsuz sevgisinə çox həssaslıqla yanaşmaq lazımdır. Bir daha deyirəm, bu gün ölkəmizdə 7-dən 77-yə hər kəsin göz yaşı ovcunun içindədir…”, - deputat bildirib

Xəbərlər