"Makron İdalqo vasitəsilə yeni “siyasi hoqqabazlıq tamaşası” oynamağa çalışır"
Fransa Ermənistana Qafqazda maraqlarının təmini üçün bir maşa, vasitə kimi baxır.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq torpaqlarını işğaldan azad edib. Onun sözlərinə görə, Fransa ermənilərə görə yox, maraqlarına görə narahatlıq keçirir. Digər tərəfdən, Avropanın bir çox ölkələrində erməni lobbisinin güclü təsirə malik olması da faktdır. Fransada da erməni lobbisi fəallığı ilə seçilir. Fransa-Ermənistan münasibətlərində də bu iki amil nəzərə alınmalıdır: “Son zamanlar Fransa elitası öz acizliyini ört-basdır etmək üçün ritorik açıqlamalar edir. Çünki 44 günlük savaş müddətində Fransanın mövqeyinə əhəmiyyət verən olmadı. Paris çox sevdiyi Ermənistanı qoruya bilmədi. İndi hər şey arxada qalıb, ancaq Fransa əl çəkmək istəmir. Heç nəyə nail ola bilməyən Fransa Prezidenti Emmanuel Makron Paris meri Ann İdalqo vasitəsilə yeni “siyasi hoqqabazlıq tamaşası” oynamağa çalışır. Ann İdalqonun Qarabağa humanitar yük göndərməsi, hətta özünün bu karvana rəhbərlik edəcəyini açıqlaması hoqqabazlıqdan başqa heç nə deyil. Azərbaycan belələrinin təxribatlarının qarşısını qətiyyətlə alacaq”.
Müşfiq Cəfərov qeyd edib ki, Ann İdalqonun özü də Makron kimi qatı ermənipərəstliyi ilə tanınır, hətta onun erməni lobbisinin tam nəzarətində olduğu da hər kəsə məlumdur: “Bu səbəbdən də istər Fransa hökumətinin, istərsə də hər hansı idarəçiliyi təmsil edən nümayəndəsinin mövqeyi dövlətimiz üçün heç bir məna kəsb etmir. Belə hoqqabazlıqlardansa Parisin küçələrini çirkablardan təmizləmək lazımdır. Bu, Fransa xalqı, Paris sakinləri üçün faydalı olardı”.
APA