Siyasət 20 Sentyabr 2022, 15:51 | Baxış sayı: 157
"Əlimizdə nə imkan var, ABŞ-a qarşı istifadə etməliyik"

“ABŞ-ın siyasi dairələrinin rəhbərləri Azərbaycan haqqında uydurulmuş müəyyən faktlar söyləyirlərsə, Azərbaycanın milli maraqlarına zidd hərəkətlərə yol verirlərsə, Azərbaycan da müəyyən qədər əlində olan təsir imkanlarından istifadə etməlidir. Əlbəttə, əlimizdə nə imkan var, bundan istifadə etməli, etirazımızı bildirməliyik. Hətta “Green card”a da məhdudiyyət qoyula bilər. Azərbaycan Prezidenti, dövləti bu tədbirləri məqbul bilirsə, mütləq olunmalıdır. Vətəndaş kimi mən də tərəfdarıyam. Çünki bu, bizim etirazımızın ifadəsidir. Dünyaya haqq səsimizi çatdırmaq istəyirik ki, baxın, görün, bunlar Azərbaycanın milli maraqlarına, hissiyatımıza toxunurlar, xalqımıza qarşı şər-böhtan kampaniyası həyata keçirirlər, biz də etirazımızı bildirib bu yola əl atırıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür: “Bu gün hər birimizi ABŞ-ın tutduğu yol narahat edir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, orda Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər qətiyyən bugünkü reallıqlara cavab vermir. Əslində bu, nəinki demokratiyanı inkişaf etdirmək, insan hüquq və azadlıqlarını pozmaqdır. Bu xanımın son vaxtlar xarici ölkələrə etdiyi səfərlərin kökündə müharibəni qızışdırmaq, ölkələr arasında ziddiyyət yaratmaq, insan qırğınına yol açmaq və bu kimi məsələlər durur. Ona görə də əlimizdə imkanlar varsa, bunlardan ABŞ-ın səhvlərini etiraf etməsi, hərəkətlərini nizamlaması üçün istifadə etməliyik”.

 

T.Rzayev vurğulayıb ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkədir: “Əlbəttə, bu, dünya miqyasında yaxşı qarşılanır. Azərbaycanın sülh çağırışları, dünyada pandemiyanın aradan qaldırılması ilə əlaqədar gördüyü  işlər, xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələr deməyə imkan verir ki, Azərbaycan bəşəri ideyalara xidmət edən bir ölkədir. Cənab Prezident öz səylərini bu yolda əsirgəmir. Təəssüf ki, Ermənistan təcavüzkar bir ölkə olduğu halda gedib orda Ermənistanı qızışdırmağa, yenidən müharibəyə təhrik etməyə başlayırlar. Bu, təkcə Azərbaycan üçün deyil. Son dövrlər ABŞ-ın apardığı siyasətin kökündə millətçilik, qeyri-demokratiklik, özbaşınalığı, müharibəni təbliğ etmək dayanır. İraqda, Suriyada, Əfqanıstanda, ərəb ölkələrində də bunu etdilər. İndi də Ermənistanı ələ alıb qızışdırmaqdan ötrü daim ona dəstək verirlər. Belə yaramaz. Bu, Azərbaycan vətəndaşı kimi hər birimizi narahat edir. ABŞ-ın rəhbərləri, konqresmenlər, senatorlar 30 ildə bir dəfə də olsun Azərbaycanın haqlı səsini yaymadılar. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri idi. Bir dəfə Azərbaycana dəstək verib? Nəinki o dövrdə, elə müharibə dövründə də ermənipərəst mövqeləri ilə seçildilər. Azərbaycan torpaqlarını azad edib, haqqı uğrunda mübarizə aparıb və qalib gəlib. Bu gün də deyir ki, gəlin, sərhədi müəyyənləşdirək, yanaşı yaşayaq. Bunlar Ermənistana gəlib başıboş rəhbərləri körükləyir, qızışdırıb salırlar ortaya, erməni xalqının da, məzlum insanların da qanına bais olurlar”.

Xəbərlər