Siyasət 20 Dekabr 2023, 16:17 | Baxış sayı: 234
“Əli Kərimli və digərləri ölkədə seçki mühitinin olmaması ilə bağlı artıq əndazəni aşmış fikirlər səsləndirirlər...”

“Təəssüf ki, Azərbaycanda özünü “müxalifət” adlandıran, hətta “ana müxalifət” adlandıran radikal düşərgələr var, onların nəyə, hara, kimə xidmət etdikləri, ümumiyyətlə, nə üçün mövcud olduqları heç kimə bəlli deyil. Cənab Prezident tərəfindən 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı imzalanan Sərəncam öncəliklə ölkədə fəaliyyət göstərən siyasi partiyalar üçün münbit şəraitdir. Partiyalar bununla özlərini göstərə, namizədlərini irəli sürərək siyasi aksiyaya fəal qoşula bilərlər. Bu, onların indiyəqədərki fəaliyyətlərinin nəticəsi deməkdir. Lakin verilən fürsətdən yararlanmaq əvəzinə özlərini “ana müxalifət” adlandıran radikal düşərgənin təmsilçiləri yenə də naftalin qoxusu verən bəyanatlarla yadda qalmağa çalışırlar. Yeni heç bir fikir söyləyə bilmirlər. Özünü “lider” adlandıran Əli Kərimli və digərləri ölkədə seçki mühitinin olmaması ilə bağlı artıq əndazəni aşmış fikirlər səsləndirirlər...”

 

Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

 

“Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən geniş spektorlu islahatlar həyata keçirilir və bu, bütün sahələri əhatə edir. Azərbaycanda söz və fikir azadlığı, siyasi plüralizm, siyasi partiyaların inkişafı, onların fəaliyyəti yeni qanunla tənzimlənir. “Siyasi partiyalar haqqında” qanun hazırda dünyada ən çağdaş, ən işlək, təcrübə görmüş, bu sahədə püxtələşmiş ölkələrin təcrübəsindən yararlanaraq qəbul edilib. Bu mənada, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar yaradılan şəraitindən istifadə edərək inkişaf edə bilərlər. Əslində, siyasi partiyaların yaranmasının yeganə məqsədi var – siyasi hakimiyyətə gəlmək. Bu gün hələ növbədənkənar prezident seçkilərinə bir çoxlarının namizədliyi irəli sürülməyə başlayıb. Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin namizədliyini artıq irəli sürüb, sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Fürsətdən yararlanaraq siyasi partiyalar da namizədliklərini irəli sürməli, siyasi aksiyaya qoşulmalı, ölkənin siyasi palitrasında yerlərini və mövqelərini göstərməlidirlər. Lakin heç bir bazası, sözü, əməli olmayan, 30 ilə yaxındır, eyni havanı çalan radikal müxalifətçilər yenə köhnə fikirləri ilə ictimaiyyəti çaşdırmağa çalışırlar. Belə məsələlər ancaq gülüş, ikrah hissi doğurur. Cəmiyyət birmənalı olaraq bu insanları artıq qəbul etmir. Bunu özləri də çox yaxşı bilirlər, ona görə də qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Düşünürük, ölkədə 7 fevral tarixində hamıya bərabər şəraitin yaradıldığı seçki keçiriləcək. Xalq öz iradəsini ortaya qoyacaq!”, - deputat bildirib.

pravda.az

Xəbərlər