Siyasət 2 Oktyabr 2023, 15:00 | Baxış sayı: 227
"Əli Kərimli və AXCP də qondarma rejim kimi özünü buraxsın!"

Əli Kərimovun Toplum TV-yə sonuncu müsahibəsində görsənir ki, o, ermənilərdən daha tez reinteqrasiya olub. O, deyir ki, uzun müddət düşmən olsaq da, etiraf etmək lazımdır ki, Ermənistan hökuməti demokratikdir. Əli Kərimova tövsiyə edirəm ki, xəbər saytlarını açıb oxusun və görsün ki, Ermənistanda müxalifət liderinin oğlu həbs edilir, biri döyülür, minlərlə dinc insana qarşı həddindən artıq yersiz güc tətbiq edilir.

Əli Kərimov Ermənistan Baş Naziri Paşinyanı elə ürəkdən tərifləyir ki, deyir Paşinyan çoxlarının gözlədiyindən daha hazırlıqlı siyatsətçi çıxdı. Az qalır desin ki, 24 saatlıq antiterror tədbirləri də Paşinyanın uğurudur.

İkincisi, Əli Kərimov bildirir ki, Sarkisyan, Koçəryən gəldi Ağdamı, Fizulini, Zəngilanı aldı. Fəaliyyətlərində o qədər alqı-satqıya öyrəşiblər ki, dilləri də öyrəşib. Bəs biz deyəndə AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı satıb, onda niyə vay-şüvən salırdınız? Bir halda Ermənistana qarşı nəyisə etiraf edirsinizsə, bizim xalqa da etiraf edin ki, torpaqlarımızı satmısınız.

Üçüncüsü, Əli Kərimov deyir ki, Avropa İttifaqı Şurası Ermənistanı məcbur edib Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Praqa görüşü ilə Qarabağ məsələsi həll olunub. Yəni, gərək Azərbaycan antiterror tədbirlərini keçirməzdi. O iddia edir ki, zamanla onsuz da Qarabağdakı suverenliyimiz bərpa olacaqdı.

Əli Kərimov, əgər beynəlxalq təşkilatlar və ya qərb Qarabağ problemi həll etsəydi, 30 il ərzində həll edərdi. Bütün Azərbaycan xalqı AŞPA-nın, Avropa Parlamentinin və ATƏT-in Minsk Qrupunun riyakarlığını bilir. Qarabağ problemini Lider, Xalq və Dövlətin vəhdəti olan dəmir yumruq həll elədi!

Onun istinad etdiyi Praqa görüşündə də Ermənistanın israrlı xahişi ilə Fransa da iştirak edirdi. İndi elə çıxır ki, Ermənistanın böyük bacısı Fransa Paşinyanı məcbur edib Azərbaycanın ərazi bütövlüyünü tanımağa? Bu çox gülünc arqumentdir.

Bu həqiqətdir ki, Fransa və Ermənistan Praqa görüşündən tamamilə başqa nəticələr əldə etmək istəmişdi. Ancaq Prezident İlham Əliyev 5 saat davam edən danışıqlarda Fransa Prezidenti Makronun əli ilə Ermənistanı diplomatik müstəvidə məğlub edib. Reallıq budur - İlham Əliyev diplomatiyası!

Əli Kərimov da bunu çox yaxşı anlayır, sadəcə dili gəlmir deməyə, ürəyi gəlmir etiraf etməyə. Bir adam ki deyə, Qarabağ elə də böyük zəfər deyil, ondan başqa nə gözləmək olar.

AXCP və Qarabağdakı qondarma rejim demək olar ki, eyni dövrdə yaranıb. Necə ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi, Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdi. Elə eynisini AXCP edir, 5 min nəfəri girov götürüb, xalqımız və dövlətimiz haqqında yalanlar danışır. Onların beyinlərini zəhərləyirlər. Ona görə təklif edirəm ki, necə ki, qondarma rejimi məcbur olub özünü buraxdı, AXCP və Əli Kərimov də özünü buraxsın. Həmin 5 min nəfərdə yığışıb gedib Əli Kərimovun villasından Azərbaycan bayrağı assınlar. Ümid edirəm Əli Kərimov buna etiraz etməz!

Xəbərlər