Siyasət 1 İyun 2023, 15:43 | Baxış sayı: 76
"Əli azərbaycanlıların qanına batmış ermənilərin əfvindən söhbət gedə bilməz"

"Qarabağda yaşayan ermənilərin bir yolu var. O da Azərbaycanın idarəçiliyini qəbul etməkdir. Burada günahı olan, azərbaycanlıların qanına əli batmış insanların əfvindən söhbət gedə bilməz".

Bunu Prezident İlham Əliyevin Laçına səfəri zamanı Qarabağdakı ermənilərə çağırışı ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi.

Millət vəkili hesab edir ki, separatçılıqla, terrorçuluqla məşğul olan, müharibə cinayəti törətmiş ermənilər bu əraziləri, bu bölgəni tərk etməlidirlər.

"Çünki o qədər onlar orada cinayət törədiblər ki, onların yenidən rəhbər işdə işləməsi, hansısa prosesdə iştirakı qeyri mümkündür və arzuolunan deyil. Azərbaycan buna heç zaman imkan verməyəcək. Yəni bunu ermənilər də yaxşı bilməli və yadlarında saxlamalıdırlar. Azərbaycan bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib və burada da cənab prezident bir daha həmin mesajı verdi. Düşünürəm ki, ermənilər çox ciddi şəkildə düşünməlidirlər, ölçməlidirlər, biçməlidirlər, düzgün qərar qəbul etməli və təxribatlara son qoymalıdırlar. Təəssüf ki, bir tərəfdən onlar Azərbaycan tərəfi ilə danışıqlar aparırlar, digər tərəfdən isə bu təxribatları törətməyə davam edirlər. Hesab edirəm ki, bu, yanlış və qəbuledilməz bir məsələdir", - deyə C.Məmmədov qeyd etdi.

Xəbərlər