"LGBT nə dövlətə, nə cəmiyyətə, nə də xalqa başucalığı gətirmir"
"Ölkəmizdə insanların hüquq və azadlıqları konstitusiyamızla qorunur və bu sahədə dövlət institutları, digər orqanlar, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edilir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, həm siyasi plüarizm, həm də insanların fikir və söz azadlığı dövlətimiz tərəfindən qorunur.
"Amma indi dəyişən bu dünyamızda, bütün qloballaşma sistemində bir çox dövlətlərin faydalı olub-olmayan cərəyanları, təsirləri sərhədsiz olaraq həyatımıza daxil olmaqdadır. Ona görə də, bu məsələdə də artıq aktuallaşan vacib mövzular formalaşıb.
LGBT deyilən bu cərəyan Qərbdə, əsasən də Avropada hazırda sürətlə yayılmaqdadır. Hətta elə ölkələr var ki, bu hərəkat onların dövlət strukturlarına, digər sahələrinə də nüfuz edib. Artıq onlar leqal formada fəaliyyət göstərir, lazım olan-olmayan yerlərdə iştirak edirlər, bəyanatlar verirlər. Hətta, bir çox qüvvələr onların adıyla digər cəmiyyətlərə təsir göstərməyə çalışırlar".
Deputat qeyd edib ki, Azərbaycanda da zaman-zaman LGBT ilə bağlı hər hansı bir qondarma, yalançı hadisələr, olaylar törədilir:
"Onların bir çoxunun öncədən hazırlandığı da açıq-aydın hiss olunur. Bununla bir növ Azərbaycan cəmiyyətindəki monolitliyə zərər vurmaq istəyirlər. Ailə dəyərlərinə zərər vurmaq və ləkələmək istəyirlər. İnsanların fikir azadlığını və digər fundamental azadlıqlarını bəhanə edərək cürbəcür kiçik formalı mitinqlər keçirməyə cəhd edirlər. Ayrı-ayrı aksiyalarda peyda olurlar, hansısa şüarlar səsləndirirlər.
Əslində, bir tərəfdən baxsaq, demokratik idarə olan ölkələrdə bu, normal sayılır. Ancaq biz unutmayaq ki, milli dəyərlər də var. Onların aşılanması sonda cəmiyyətdə deqradasiya yaradır və ümumi olaraq bir çox vacib dəyərlərinə xələl gətirir. Onlardan ən birincisi ailə və əxlaq dəyərləridir. Təbii ki, bütün bunlar onların pozulmasına gətirib çıxarır. Bu da sonda hər bir cəmiyyət üçün arzuolunan deyil. LGBT nə dövlətə, nə cəmiyyətə, nə də xalqa başucalığı gətirmir. Ona görə də, düşünürük ki, bu məsələlərdə mütləq milli-mənəvi dəyərlərimiz unudulmamalıdır".
Vüqar İskəndərov əlavə edib ki, preventiv işlərin görülməsinə ehtiyac var:
"Hər birimiz bu sahədə birləşməli və cəmiyyəti bəla halına çevirən yad təsirlərdən qorumalıyıq".