Cəmiyyət 5 Sentyabr 2022, 16:00 | Baxış sayı: 151
“Lerikdə ziyarətgahdan qayıdarkən 8 nəfərin qəzaya düşməsini müqəddəs yerlərlə əlaqələndirmək düzgün deyil”

“Heç kim  özünü təhlükədən sığortalamayıb. Bu, həyatın qanunudur. Hər bir insan xüsusilə nəqliyyatdan istifadə edəndə təhlükəsizlik qaydalarını gözləməlidir. Görünür, Lerikdə 8 nəfərin həyatını itirdiyi qəzada sürücü təhlükəzlik qaydalarına əməl etməyib, nəticədə qəza olub. Onların ziyarətgahdan qayıdarkən qəzaya düşmələrini heç də dinlə, mötəbər, müqəddəs yerlərlə əlaqələndirmək düzgün deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, belə yanaşma ziyartəgahlara, ocaqlara laqeydsizlik, hörmətsizlikdir: “Nə insanlığımıza, nə də dinimizə yaraşmır. Hər bir insan öz arzu-istəklərini gedib həmin müqəddəs ziyarətgahlarda bəyan edir, Allahdan özünə, ətrafındakılara, yaxınlarına, insanlara kömək diləyir. Bu, texniki bir qəzadır, insanların başına gəlib. Ziyarətgahdan qayıdarkən qəzaya düşmələrini onların hansısa günah sahibi olmaları ilə əlaqələndirmək, Allah tərəfindən bağışlanılmadıqlarını demək doğru deyil. Çünki insandır, nəinki müqəddəs ocaqlara, etiqad etdiyimiz yerlərə gedərkən, hətta adi halda da hər birimiz qəzaya düşə bilərik. Qəza qaçılmazdır. Bu ehtimalları, mülahizələri yürüdərkən heç olmasa insanlığı qarşıya qoymalıdırlar. Çünki ölənlərin ruhuna qarşı belə ehtimalları söyləmək yolverilməzdir. Bu, insanlığa xas olan münasibət deyil. Deyirlər ki, getdilər günahlarını yumağa, günahları var deyə qəzaya düşdülər və s. Bu, yaxşı hal deyil. Bir çox hallarda insanlar haqqında belə ehtimal və fərziyyələrin irəli sürülməsi həm müqəddəs ocaqlarımızı, həm də insanların özlərini hörmətdən salır. İnsanlara qarşı bəzilərində mənfi meyillər, hallar oyanıb.  Belə fikir yeridənlər dönə-dönə düşünməlidirlər. Fikir söyləyəndə reallıqları, hadisələri nəzərə almalıdırlar”.

Xəbərlər