Siyasət 25 Aprel 2023, 15:50 | Baxış sayı: 162
“Laçın yolundan sui-istifadə mülki insanlarımızın həyatı üçün təhlükə idi”

“Ermənilərin Laçın yolundan sui-istifadə etməsi mülki insanlarımızın həyatı üçün hər zaman təhlükə idi. Ona görə də Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratmalı idi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib

Millət vəkili bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, minaların daşınması davam edir:

“Qanunsuz hərbi daşınmalar birbaşa sülhün əleyhinə yönəlib. Belə olan halda Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılması zəruri idi. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə üçtərəfli bəyanatın məqsəd və məramlarına uyğun olaraq, təmin edilməsi barədə təklif irəli sürüb. Beynəlxalq tərəfdaşlar bu təklifə müsbət yanaşsa da Ermənistanın ilkin reaksiyası mənfi olmuşdu. Çünki bu nəzarət-buraxılış məntəqəsinin qurulması Ermənistan tərəfindən yoldan sui-istifadə hallarının qarşısının alınması deməkdir. Zaman göstərdi ki, bu məsələlər yalnız Ermənistanın istəyindən asılı deyil. Prezident İlham Əliyev qalib ordunun Ali baş komandanı kimi nəyi nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilir. Azərbaycanın irəli sürdüyü bütün təkliflər beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. DSX-nın nəzarət-buraxılış məntəqəsi yaradılmasa, erməni təxribatları daha geniş miqyas ala bilər”.

K.Nurullayevanın sözlərinə görə, rəsmi Bakının öz suveren ərazisində təhlükəsizliklə bağlı bütün lazımi addımları atmağa tam haqqı çatır: “Azərbaycan tərəfinin bəyan etdiyi kimi, Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır. Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait yaradılması narahatlıq üçün əsas qoymur. Buna görə də Ermənistanın şou yaratmasına ehtiyac yoxdur”.

Xəbərlər