Korrupsiya 28 Noyabr 2022, 13:40 | Baxış sayı: 221
“Korrupsiya tiryəkdən də betərdir”

“Əlbəttə ki, Naxçıvanda korrupsiya hallarına yol verilməsi bizi çox ciddi narahat edir. Bundan əvvəl də bir neçə icra başçısı, nazirliklərin nümayəndələri həbs olunub. Əslində bu araşdırmaların, saxtakarlıqların, korrupsiya hallarının qarşısının alınmasının geniş təbliğ olunmasını, neqativ hadislərin üstünün açılmasını, insanlara çatdırılmasını müsbət dəyərləndirirəm. İnsanlar başa düşürlər ki, yeyinti hallarına son qoymaq lazımdır. Bunu gizli saxlamaq, geniş yaymamaq da olardı, lakin dövlət başçısının tapşırığıdır ki, belə hallar qətiyyətlə pislənilsin, ictimaiyyətə çatdırılsın. Azərbaycanda korrupsiyanın geniş yayılması fikrinin tərəfdarı deyiləm. Bütün ölkələrdə bu var. Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizələr isə deməyə əsas verir ki, bunun kökü kəsiləcək və kəsilməkdədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, korrupsiya dövlətin imicinə ciddi zərbə vurur: “Dünyanın əksər ölkələrində müəyyən maliyyə pozuntuları, yeyintilər olur. Bunu dövlətin adına yazmaq, dövlətin nöqsanı kimi qiymətləndirmək düzgün deyil. Çünki bu, bilavasitə yeyinti baş verən qurumdakı şəxslərdən və onların fəaliyyətindən asılıdır. Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri hamının gözü qarşısındadır. Doğrudan da korrupsiya hallarını gizlətməli olsaydıq, bununla mübarizə genişlənməzdi, informasiya da açıq şəkildə yayılmazdı. Dövlət başçısı hökumətlə keçirdiyi bütün tədbirlərdə, müşavirələrdə korrupsiya məsələsinə dəfələrlə aydınlıq gətirib və bildirib ki, çirkin əməllərdən uzaq durmaq lazımdır, saxtakarlığa, rüşvətxorluğa yol vermək olmaz. Bu, ölkənin, insanların mənafeyinə ziddir. Təəssüf ki, nəticə çıxaranlar azdır. İnsanlar yenə də tamahlarına qul olur, onu çərçivəyə sala bilmirlər. Hər hansı vətəndaşa etimad göstərilir, posta gətirilirsə, o da postunda vicdanla işləməli, qarşıya qoyulan vəzifələri yerinə yetirməli, ölkənin vəziyyətini, balalarımızın gələcəyini düşünməlidir. Korrupsiya tiryəkdən də betərdir. Korrupsiya dövləti, insanı məhv edən bir vasitədir. Bunun qarşısını hamılıqla almalıyıq. Dövlətin korrupsiya ilə mübarizəsi, xüsusi xidmət orqanlarımızın apardıqları araşdırmalar insanlar tərəfindən yüksək qiymətləndirilir”.

 

Deputat Naxçıvanda aparılan araşdırmaların nəticəsində Milli Məclisin deputatı, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylinin saxlanılmasına görə atasının tənqid olunmasına isə belə cavab verib: “Övladın gördüyü hər işə görə, əlbəttə ki, valideyn məsuliyyət daşımır. İsa müəllim AMEA-nın prezidentidir, yüksək səviyyəli bir insandır. İsa müəllimə hamımızın hörməti var. O, övladına görə məsuliyyət daşımır. Bunu istintaq müəyyən edəcək”.

 

T.Rzayev Naxçıvanın maliyyə naziri Rafael Əliyevin 144 milyon mənimsəmədə ittiham olunmasına da münasibət bildirib: “Bunu araşdırmaq hüquq mühafizə orqanlarının işidir. Tədqiqatın nəticəsində məlum ola bilər. Heç kim durub deyə bilməz ki, mənimsənilən vəsait neçə milyondur. Bu haqda fikir yürütmək əbəsdir. Müstəntiqlər bunun üstündə işləyəcəklər, ola bilsin, bununla bağlı məsuliyyət daşıyan şəxslər istintaqa cəlb olunacaqlar”.

Xəbərlər