Korrupsiya 1 Dekabr 2022, 17:35 | Baxış sayı: 149
"Korrupsiya əməli törətmiş heç kim məsuliyyətdən kənarda qalmayacaq"

“Prezident İlham Əliyevin rəhbərləri ilə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edir. Korrupsiyaya bulaşmış heç bir şəxs məsuliyyətdən yaxa qurtara bilməz”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Vüqar İskəndərov deyib ki, dövlət başçısı müxtəlif şəxsləri yüksək vəzifəyə təyin edən zaman əsas tövsiyələri xalqa xidmət etmək və korrupsiyaya bulaşmamaları ilə bağlı olur. Onun sözlərinə görə, artıq Azərbaycanda hər kəs korrupsiya və rüşvətxorluq əməli törətmiş heç kimin məsuliyyətdən kənarda qalmayacağına əmindir: “Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur. Bu addımlar korrupsiyaya qarşı aparılan mübarizə çərçivəsində atılır”.

Deputat qeyd edib ki, Naxçıvan gömrüyündə Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi mövcud olub, külli miqdarda gömrükdən yayınma halları aşkarlanıb. Hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya ayrıldığını xatırladan Vüqar İskəndərov Naxçıvanın öz gəlirinin isə 180 milyon manat göstərilməsinin reallığı əks etdirmədiyini söyləyib: “Artıq məlum olur ki, yalnız gömrükdə 100 milyon manatdan çox mənimsəmə faktı aşkarlanıb. Bu da ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təsəvvür etməyə imkan verir. Sui-istifadə, mənimsəmə hallarına yol verənlər sərt cəzalandırılacaq”.

Xəbərlər