Plenar iclaslar 11 Oktyabr 2021, 13:32 | Baxış sayı: 222
"Komitədə müzakirə zamanı deputatların böyük əksəriyyəti siyasi görüşündən asılı olmayaraq, layihəni dəstəkləyib”.

“Dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cü ildönümündə belə layihənin müzakirəyə çıxarılması çox əlamətdar hadisədir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, müasir Azərbaycan dövləti varislik prinsiplərinə əsaslanaraq bu günə gəlib çıxıb.

“Müstəqillik Günü haqqında” qanun layihəsini təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsi dövlətçilik tarixində müstəsna əhəmiyyətli mərhələlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb: “Bu tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması qanun layihəsində əksini tapıb. Təklif olunur Müstəqillik günü və Müstəqilliyin Bərpası Günü bayram kimi qeyd edilsin. Bu qanun layihəsi tarixdə baş vermiş dəyişiklikləri özündə daha dəqiq ehtiva edir. Komitədə müzakirə zamanı deputatların böyük əksəriyyəti siyasi görüşündən asılı olmayaraq, layihəni dəstəkləyib”.

Xəbərlər