Cəmiyyət 5 Yanvar 2023, 15:06 | Baxış sayı: 202
“Kitab oxuyan məhbusun cəzasından, bəlkə, 4 gün yox, daha çox çıxıla bilər?”

Bəzi ölkələrdə həbsxanada bir kitabı oxuyub bitirən məhbusun cəzasının azaldıldığı bildirilir. İddia olunur ki, Brazilyada bir kitabı tam oxuyan məhbusun cəza müddətindən 4 gün çıxılır. Burada əsas məqsəd həbsxananın məhbusları məhv etmək üçün yox, onları islah etmək üçün bir yer olduğunu ictimaiyyətə çatdırmaqdır. Həmin qaydanın Azərbaycandakı cəzaçəkmə müəssisələrində də tətbiq olunmasını təklif edənlər var.

 

Bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Paşazadə təklifi dəstəklədiyini bildirib.

 

Deputat deyib ki, məhbusların cəzaçəkmə müəssisələrində islah olunması, buna dəstək kimi kitab oxumaq və digər faydalı işlərlə məşğul olmaq müsbət haldır: “Çox yaxşı təklifdir. Həbsxanalarda kiçik səhvləri olan, narkotikə görə, yaxud yüngül cinayət əməli törətdiyinə, əlbəyaxa davaya görə məsuliyyətə cəlb edilənlər çoxdur. Ona görə də cəzaçəkmə müəssisələrində kitabxanaların yaradılması xüsusən gənc məhbuslara böyük dəstək və kömək olar. Sivil xarici ölkələrdə bu addım təkcə mütaliə üçün deyil, məhbusların islah olmaları üçün atılır ki, onlar müəyyən zaman sonra cəmiyyətin içinə qayıda bilsinlər, əvvəlki səhvlərini təkrarlamasınlar. Bu halda məhbusların insanlara davranışları dəyişəcək, dünya görüşləri artacaq. Ona görə də bu fikri dəstəkləmək yaxşı olar. Azərbaycanda da bir kitabı tam bitirən məhbusun cəzasından çıxsalar, yaxşı olar. Məhbus artıq biləcək ki, kitab oxumaqla həm beyni təmizlənir, həm də həbsxanadan tez çıxmasına fayda verir. Bu məsələdə əsas məqam insanın mənəvi baxımdan sağalması, cəmiyyətə sağlam dönməsidir. Elə insan var, bir kitabı 2-3 günə tam oxuyub bitirə bilir. Bəlkə, bizdə 4 gün yox, daha çox çıxıla bilər? Cəzadan neçə gün çıxılması məsələsini, təbii ki, inzibati orqanlar daha yaxşı bilərlər”.

Xəbərlər