Cəmiyyət 11 Avqust 2022, 12:42 | Baxış sayı: 169
"Kimsə qatı məzhəb təəssübkeşliyi ilə islama xidmət etdiyini düşünürsə, səhv edir".

“Qarabağı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və qəhrəman Azərbaycan Ordusu azad edib. Bu qələbədə Vətənini, dövlətini, torpağını sevən hər kəsin payı var. Bu müqəddəs torpaqların işğaldan azad olunmasında Azərbaycanda yaşayan bütün dinlərin və xalqların payı var. Bu qələbə vahid, islam dəyərlərinə sadiqliyi ilə seçilən Azərbaycan xalqının qələbəsidir. O dövrün tarixini yaxşı oxuyanlar bilirlər ki, haqq və ədalət uğrunda canını fəda edən, ölümü ilə böyük bir qəhrəmanlıq məktəbi yaradan İmam Hüseyn heç zaman ayrı-seçkiliyin, müsəlmanların birliyinin pozulmasının tərəfdarı olmayıb. O, sona qədər müsəlmanlar arasında parçalanma və müharibənin baş verməməsi üçün səylə çalışdı. Ancaq qarşı tərəfin israrı nəticəsində müharibədən qaçmaq mümkün olmadı”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov son günlər bir qrup şəxsin Qarabağı “hüseynçilər”in işğaldan azad etməsi iddiasına münasibət bildirərkən deyib.

 

Deputat bildirib ki, ayrı-seçkilik və qarşıdurmalar müsəlman dünyasına yalnız faciələr gətirib: “Kimsə qatı məzhəb təəssübkeşliyi və digər məzhəblərə hörmətsizliyi ilə islama xidmət etdiyini düşünürsə, səhv edir. Hamımız vahid islam ümmətini təmsil edirik. Bu gün bir sıra müsəlman ölkələrində məzhəb və din zəminində münaqişələrin həmin ölkələri hansı vəziyyətə gətirdiyini görürük. Odur ki, müsəlmanların birlik və bərabərliyini pozanlar Allah qatında böyük günah qazanırlar. Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin və məzhəblərin birgə, sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı  məkan olub. Heç vaxt ölkəmizdə din və ya məzhəb zəminində münaqişə olmayıb. Bu baxımdan, Azərbaycan müsəlman dünyası üçün hər zaman nümunə olub. Gələcəkdə də bu ənənənin davam etməsi üçün hər birimiz səylə çalışmalıyıq. Çalışmasaq, nə tarix, nə də gələcək nəsil bunu bizə bağışlamayacaq”.

Xəbərlər