"Kimsə dini qaydalara əməl etmirsə, onun spirtli içki qəbul etməməklə bağlı bir öhdəliyi yoxdur".
"Harda olmasından asılı olmayaraq, hər bir insan həmişə şəhidlərimizin xatirəsini uca tutmalı, hörmətlə yanaşmalıdır. Bunu davranışlarında da nümayiş etdirməlidir. Şuşada fəaliyyət göstərən otellərdə spirtli içki verilməsinə qarşı çıxanlar var. Bu fikir hardan qaynaqlanır, bilmirəm. Ümumiyyətlə, spirtli içkiləri qəbul etmirəm. Hesab edirəm, spritli içki qəbul edən hər bir insan harda olmasından asılı olmayaraq, ümumi etik çərçivələri mütləq gözləməlidir. İctimai yerdə olarkən də bunu nəzərə almalıdır. Söhbət dindən, islamdan gedirsə, insanın harda olmasının fərqi yoxdur. İslam dini müsəlmanlara spirtli içkini qəbul etməyi məqbul saymır. Bu, dinimizdə qəbul edilmir. Qaldı ki, Şuşaya və digər ərazilərə... Kimsə dini qaydalara əməl etmirsə, onun spirtli içki qəbul etməməklə bağlı bir öhdəliyi yoxdur".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat başqa bir məsələyə də diqqət çəkib: "Bir neçə gündür, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də xaricdə yaşayan azərbaycanlılar tərəfindən idarə olunan media qruplarında Şuşada media işçilərinin toplantısı zamanı müəyyən xoşagəlməz hadisələrin yaşandığı barədə məlumat yayılıb. Konkret adlar da çəkilib. Hesab edirəm, belə olan halda, mütləq bu məsələlərə dəqiq və konkret aydınlıq gətirilməli, münasibət bildirilməlidir ki, əlavə müzakirələrə ehtiyac olmasın. Bu kimi məsələlərə reaksiya verilmədikdə, konkret mövqe bildirilmədikdə, artıq əlavə müzakirələr başlanılır. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Məhz Şuşada iştirak edən şəxslər tərəfindən bu məsələyə aydınlıq gətirilməli, nöqtə qoyulmalıdır ki, belə hal baş verməsin. Çünki media tamamilə fərqli bir mənzərəni təqdim edir. Bu kimi məsələlərdə diqqətli olmalıyıq. Elə etməliyik ki, hər bir məsələyə vaxtında reaksiya verilsin".