Cəmiyyət 27 Fevral 2023, 14:26 | Baxış sayı: 188
"Kiminsə evdə yoldaşı ilə münasibəti düz gəlmir, deyirlər ki, dövlət niyə bunun qarşısını almır?"

125 deputatın hamısının balası gedib müharibədə ölməli idi ki, desinlər "deputatlar yaxşıdır"?

 

Direktor mənə iki dəfə möhkəm çubuq çəkdi...

 

Yazırlar "Biz qalmışıq burda, səni deputat seçmişik ki, gedib ölülərlə görüşəsən?"

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin Pravda.az-a müsahibəsini təqdim edirik.

 

- Tahir müəllim, Türkiyədə baş verən zəlzələyə yardımla bağlı yenə də deputatlar hədəf seçildi. Bildirildi ki, niyə Milli Məclisin deputatları yardım etmirlər? Sonra isə yardımla bağlı məlumatlar paylaşıldı, onda da bildirildi ki, deputatlar özlərini reklam edirlər. Niyə bu cür yanaşma var?

 

- Bu da cəmiyyətin bir nöqsanıdır. Hər bir deputatın arxasında 40-45 min seçicisi var. Deputat haqqında nəsə deməklə həmin insanların səsinə hörmətsizlik etmiş olurlar. Savadı, ağlı üstündə olan adam heç vaxt qarşısındakını təhqir etməz. Rəhmətlik Heydər Əliyev deyirdi ki, ağıl olan yerdə zora ehtiyac yoxdur. Zorla nə hakimiyyəti saxlamaq, nə də insanlığa qalib gəlmək mümkün deyil. Belə ağılsız söz-söhbətlər cəmiyyəti korlayır. Birincisi, Türkiyədə baş verən o acı fəlakətə ilk deputatlar cavab verdilər. Elə zəlzələnin birinci günü əmək haqqımızdan müəyyən ödənişlər etdik. Rəqəm deməyəcəyəm, xeyli miqdar idi, bəzilərinin etdiyindən on dəfə çox... Amma biz bunu demədik. Bu, düzgün olmaz. Peyğəmbərimiz buyurub ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Kiməsə göstərdiyin yardımı çəkib reklam etmək qarşındakını alçaltmaqdır, hörmətsizlikdir. Ümumiyyətlə, deputatlar imkansızlara çox köməklik göstərirlər, amma bunu paylaşmırıq. Paylaşmayanda da deyirlər ki, deputatlar heç yerə getmirlər, yardım göstərmirlər. Yardım göstərirsən, deyirlər ki, deputatlar özlərini reklam edirlər. Başa düşmək olmur, bəs onda nə etmək lazımdır? Nəinki deputatlar, məmurlar, ziyalılar haqqında elə fikirlər səsləndirirlər ki... Təəssüf edirəm, bilmədən, tanımadan bu adamlar haqqında niyə belə danışırlar? Ola bilər, bir nəfərlə iki dəfə görüşmüşəm, digəri ilə beş dəfə. Bu, o demək deyil ki, biz laqeyidik. Deyilənlərə çox vaxt əhəmiyyət vermirəm. Haqqımda bəzən çox ciddi tənqidlər olur, dediyim fikri kontekstdən çıxarırlar... Qohum-əqrəba deyir ki, niyə məhkəməyə vermirsən. Biz o səviyyədə, düşüncədə deyilik. Söyüş, yalan, böhtan ən asan yoldur. Müharibədən əvvəl Azərbaycan gəncliyi haqqında nələr deyirdilər? "Müharibə olsa, heç kim getməyəcək", "insanlar zəlalətdədir, Vətəni qorumayacaqlar..." Bəs nə oldu? Müharibədə əksini gördük. Xaricdə oturan müxalif qüvvələr bunu da siyasiləşdirmək istədilər ki, müharibəyə gedənlərin hamısı kasıb uşaqları oldu. Məmurların, deputatların neçəsinin övladı, qohumu müharibəyə getdi. 125 deputatın hamısının balası gedib müharibədə ölməli idi ki, desinlər "deputatlar yaxşıdır"?

 

- Türkiyədə dağıntılar altından günlər sonra sonra belə, sağ-salamat çıxarılan insanlar oldu. Belə halları möcüzə adlandırırlar... Ümumiyyətlə, möcüzələrə inanırsınız?

 

- Əlimi qaldırıb, Allaha yalvarardım ki, heç bir millətin başına belə bir faciə gətirməsin. İki günlük körpələrin nə günahı var? Bu fəlakətdən möcüzə nəticəsində sağ çıxanlar Allahın sevdiyi bəndələrdir. Bu, Allahın bəxşişidir, yenidən ömür verdi ki, yaşasınlar.  Betonun altında neçə gün ac-susuz qalıblar. Əlbəttə, möcüzələrə inanmaq olur, amma bu möcüzələri yaradan da insanlardır. İnsanlar cəsarət göstərib dərin dağıntılardan o körpələri çıxartmasaydılar, sözsüz ki, onlar da öləsi idilər. Allahıma inanan adamam. Amma möcüzələr, "kitab açmaq", fal - bunlara heç vaxt inanmamışam. Elm sübut edir ki, möcüzələr var. Bu möcüzələr müəyyən təsadüflər nəticəsində yaranır. Mənim də həyatımda olub. Birdən elə hissə qapılmışam ki, artıq bu yolu gedə bilmərəm, amma iki dəqiqədən sonra elə xəbər eşitmişəm ki, bütün problemlər aradan qaldırılıb. Bəzən bunu "möcüzə" adlandırırıq. Yox, bunu yaxşı insanlar edirlər. Uşaq vaxtı kənddə yaşayırdıq, üzməyi bacarmırdım. Birdən-birə məni kimsə çaya itələmişdi, boğulurdum. Artıq həyatımın son anı kimi gəldi. Amma yaxın dostlardan biri mənimlə xalam oğlunu çaydan xilas etdi. Əvvəlcə bunu möcüzə hesab etdim. Sonra isə düşündüm ki, o insan olmasaydı...

 

- Türkiyədəki zəlzələdən sonra Bakıdakı tikinti bumu ciddi narahatlıq yaradır. Hətta binaların möhkəmliyi ilə bağlı verdiyiniz açıqlama tənqid edildi. Bildirilir ki, nə bilmək olar, bəlkə, həmin binaların bəziləri korrupsiya və rüşvətxorluğa görə həbs edilən şəxslər tərəfindən tikilib? Dövlətin pulunu oğurlayan adi binadan sement, qum oğurlamazmı? Doğrudanmı, narahatlıq yoxdur?

 

- Əlbəttə, çox ciddi narahatlıq var. Bütün binaların standartlara uyğun tikildiyini nəzərdə tutmamışdım. Müəyyən qaydada binalar nəzarətdən keçirilir. Bir neçə il əvvəl çoxmərtəbəli binalardan birinin çökməsini xatırlayırsınız. Bakıda hazırda həddən çox köhnə, istismar müddəti bitən “Xurşovka” binalar var. Bu gün qardaş Türkiyədə belə fəlakət baş verirsə, deməli, tikintidə mənfi hallara yol veriblər. Ancaq bunu ümumiləşdirmək, hamısına aid etmək insanlarda böyük təşviş yarada bilər. Binaların keyfiyyətini yenidən ölçmək üçün xeyli cihaz var. Müvafiq orqanlar işə keçməli, binaların təhlükəsizliyini yenidən yoxlamalıdırlar. Yeni binalarda çoxları müqavimət dayaqlarını sökür, otaqlarını genişləndirir. Hətta binanın zirzəmisində dayaqları sökürlər. Nərimanov rayonunda bu yaxınlarda belə hal yaşandı. Bu, çox təhlükəlidir. Qarşısı alınmalıdır. Bakıda bütün binaların standartlara cavab verdiyini qəbul edə bilmərəm. Ciddi nöqsanlar var. Elə binalar var, mənzil vətəndaşın ola-ola eyni vaxtda dörd adama satıblar. Bizə belə şikayətlər çox gəlir.  Bunu edənlər binaların tikintisində də səhlənkarlığa yol veriblər.

 

- Türkiyədə baş verən zəlzələnin, onun gətirdiyi sosial problemlərin prezident seçkilərinə təsir edəcəyini bildirirlər. Sizin fikriniz necədir?

 

- Cənab Rəcəb Tayyib Ərdoğan bu gün dünyada ən müdrik dövlət rəhbərlərindən biridir. Tək mən yox, dünyada reallıqları görən hər kəs belə qiymət verməlidir. Türkiyənin 20 il əvvəlki vəziyyətini göz önünə gətirək, bu gününə də baxaq. Ərdoğan dünya siyasətinin idarə olunmasında yaxından iştirak edən, əzmini, qətiyyətini ortaya qoyan dövlət rəhbəridir. Türkiyə çox güclüdür, bununla bərabər əvvəlki illərə nisbətən düşmənləri çoxalıb. Çünki əvvəllər Türkiyə hakimiyyəti loyal bir siyasət yürüdürdü - "dəymə mənə, dəyməyim sənə". Əslində Qərb də, Avropa ölkələri də heç vaxt Türkiyənin güclü, inkişaf edən dövlət olmasını istəməyiblər, bu gün də istəmirlər. Ona görə də Türkiyə və Ərdoğana qarşı çox ciddi təpkilər var. Ərdoğan Türk Dünyasının birləşməsi üçün əlindəki imkanların hamısını səfərbər edib. Cənab Ərdoğan da, cənab İlham Əliyev də bəşəri ideyalar irəli sürən və bunu həyata keçirməyə çalışan dövlət rəhbərləridirlər. Bu ideyaların mayasında sülh, qarşılıqlı əməkdaşlıq, əmin-amanlıq var. Azərbaycan da, Türkiyə də heç bir dövlətə qarşı müharibə elan etməyib. Türkiyənin daxilində də Ərdoğan hakimiyyətini istəməyənlər, xaricdən dəstəklənən qüvvələr var. Ona görə də belə bayağı söhbətlər yayır, anti-Türkiyə təbliğatı aparır, uğurlara qara yaxmaq istəyirlər. Məqsədləri Ərdoğanı gözdən salmaqdır. Amma bu, mümkün deyil, çünki Türkiyə xalqı çox çətinliklərdən çıxıb və rəhbərini yaxşı tanıyır. Mustafa Kamal Atatürkdən sonra XX əsrdə hakimiyyətdə olanlardan ən böyük şəxsiyyət kimi Ərdoğanı görürəm. Sözsüz ki, baş verən fəlakət qardaş ölkədə seçkilərin gedişinə müəyyən təsirlər göstərməlidir. Ərdoğan elan etdi ki, dağılmış ərazilərin bərpası üçün üç-dörd il vaxt lazımdır - o qədər insan yerləşdirilməlidir, nə qədər sosial problemlər yaranıb. Türk xalqı müdrik olmalı, belə çətin vəziyyətdə kimin prezident olmasını dəqiq müəyyənləşdirməli, seçkilərin geri çəkilməsi, bəzi məsələlərin təxirə salınması barədə Türkiyə xalqı fikirini bildirməlidir. Həyat belə gətirdi... Seçki yüksək səviyyədə keçəcəksə, buna imkan varsa, seçkiyə getmək olar. Əks halda, siyasi dairələr, Böyük Millət Məclisi, Türkiyənin ziyalıları, xalq öz sözünü deməlidir.

 

- İranın Azərbaycandakı agenturasının bir qismi ifşa edilib. Bildirilir ki, ədəbiyyat sahəsində də İrana işləyənlər olmamış deyil... Siz necə düşünürsünüz?

 

- İranın Azərbaycanda agentura şəbəkəsinin olması məlum idi. Bu gün bizim yazıçıların, yaradıcı adamların İranla əlaqələri varsa, sözsüz ki, müəyyən meyillər də mövcuddur. Bu, çoxdan var. Çünki tarixən İrandan Azərbaycana sürgün olunmuş insanlar çoxdur. Onları tamamilə təcrid etmək, dəyişdirmək böyük cəmiyyətdə mümkün deyil. Sözsüz ki, o meyillər olacaq. Amma təəssüf ki, bunun qarşısının alınması üçün bizdə ciddi tədbirlər görülməyib. Bilə-bilə güzəştlərə yol verildi. Məsələn, mətbuat sahəsində də saxlanılanlar oldu. Biz bunu bilirdik ki, haranı kim maliyyələşdirir. Yaradıcılıq sahəsində xeyli insan var. Xaricdə oturanların da çoxunu İran maliyyələşdirir. Din sahəsində xüsusilə ciddi problem var. Bir neçə il əvvəl şəhidlərin məclislərində çadralı qadınlar peyda olurdu. Ağcəbədidə də. Gəlib deyirdilər ki, "niyə şəhidlərə ağlayırsınız, "ya Hüseyn, ya Həsən" deyin, Müdafiə Nazirliyinə hücum edin ki, balanız niyə şəhid olub?" Sonradan bir çoxları barədə hüquq-mühafizə orqanları tədbir gördü. Belə adamlar çoxdur, vaxtında tədbir görülməlidir. İran onlara vaxtlı-vaxtında pul göndərir. İran təkcə terrorçu dövlət deyil, onun həm də maliyyə mənbəyi narkotikdir...

 

- Cənubi Azərbaycanın fəallaşdığı bir məqamda müstəqil Azərbaycan dövlətinin də onlara dəstək verməsi çağırışları edilir. Ümumiyyətlə, bu prosesin sonunu necə görürsünüz, İran parçalanacaqmı? Azərbaycanın bütövləşməsi ehtimalı nə qədərdir?

 

- Anti-demokratik bir ölkədə parçalanma qaçılmazdır. Tarix bunu göstərib, Osmanlı imperiyası, Sovet İttifaqı... Harda insan azadlığı məhdudlaşdırılırsa, insanlar gec-tez öz azadlıqlarını əldə etmək üçün mübarizəyə başlamalıdırlar. İranda uzun müddətdir, millətçilik ideologiyası, şovinizm hakimdir, soydaşlarımıza qarşı çox ciddi təpkilər var. Belə getsə, İranın parçalanması labüddür, qaçılmazdır. Azərbaycan İranın daxili işlərinə qarışmır. İranın tutduğu yol onu fəlakətə aparır, milli azlıqlara, soydaşlarımıza muxtariyyət verilməsə, hüquqları təmin olunmasa, bu, dövlət çevrilişinə səbəb olacaq. Molla, fars rejimi ləğv olacaq. Biz də istəyirik ki, yeni bir dünya yaransın, İranın bizimlə münasibətləri yaxşı olsun. Çünki İran həm ərazisinə, həm də yeraltı, yerüstü sərvətlərinə görə zəngin ölkədir. Belə bir ölkənin xarici ölkələr tərəfindən müdaxiləyə məruz qalması bizə xeyir edə bilməz. Cənubi və Şimali Azərbaycanın birləşməsi çox çətin məsələdir. Dünya buna heç vaxt yol verməz. Çünki Avropa, Qərb güclü müsəlman dövləti istəmir. Zəngəzur dəhlizinin də açılamamasının səbəblərindən biri budur ki, İran da, Ermənistan da qorxur. Çünki Türk Dünyasının iqtisadi cəhətdən möhkəmlənməsi bu iki dövləti məhvə aparır. Cənubi-Şimali Azərbaycan məsələsini ortaya atmaq, siyasət kimi reklam etmək xeyirli deyil. Zaman göstərəcək... Əlbəttə, bu birləşmə real olmalıdır, çünki bu torpaqlar tarixən Azərbaycan torpaqlarıdır. Keçmiş arxada qalıb. Böyük Osmanlı imperiyası hanı, indi var?

 

- Ölkədə gündəm tez-tez dəyişir. Hələ də gündəmdən düşməyənlərdən biri Vasif Talıbovdur. Mətbuatda Vasif Talıbovla bağlı mövqeyinizə rast gəlmədik. Talıbova, onun idarəçilik qaydalarına münasibətiniz necə olub?

 

- Demişdim ki, doğrudan da, Talıbov o əməlləri törədibsə, ölkə rəhbəri öz qiymətini verəcək. Və verdi.. Naxçıvan uzun müddət blokadada olub, gediş-gəliş çox çətindir. Talıbovun da Naxçıvanda xidmətləri olub. Ancaq sonrakı dövrdə yolunu azdı. Müəyyən məsələlərdə dövlətin tutduğu siyasəti düzgün qiymətləndirmədi və nəticəsi bu oldu. Talıbovun elə birinci gündən cənab Prezidentin tapşırıqlarını yerinə yetirmədiyini demək düzgün deyil. Onda sual olunur ki, əvvəldən belə idisə, hüquq-mühafizə orqanları, müəyyən təşkilatlar niyə görünmədi? İnsan var, on-on beş il yaxşı işləyir, sonra birdən ağlı çaşır, xarici təsirlərə məruz qalır, tapşırıqları yerinə yetirmir, nəticəsi də belə olur. Naxçıvanda böyük işlər görülüb, ora tamamilə dəyişmişdi. Sözsüz ki, bütün bunlar cənab Prezidentin tapşırıqları əsasında olmuşdu. Talıbov da buna dəstək verənlərdən biri idi. Amma onun səhvləri də çox olmuşdu. Naxçıvana gedən adamları qəbul etmirdi. Kim gedirsə, siyahıda olmalı idi - niyə gəlib, kimin yanına gəlib... Deputatlar, dövlət məmurları Naxçıvana gedəndə də Talıbova məruzə edirmişlər ki, filankəs təyyarə ilə gəlir. Hələ adam Bakıdan qalxmamış Talıbova deyirmişlər. O da bəzən deyirmiş ki, heç gəlməsin. Beləliklə, gələn adamı Naxçıvana qoymurmuşlar. Ya da təyyarədən düşəndə "niyə gəlib, nədən ötrü gəlib, kimin evinə gəlib, kiminlə oturub-durub..." Bu, yolverilməzdir, belə olmaz. Bu, ondan irəli gəlir ki, Talıbova böyük etimad göstərilmişdi, inam var idi. Çünki o dövrdə Heydər Əliyevin yanında olmuşdu, ondan müəyyən dərs almışdı. Elə adam var, xidmətləri olur, amma sonda hamısının üstündən qara xətt çəkir. İnsanları incitmək, sədlər qoymaq, "çayxanada domino oynama", "yolun burasında durma, orasında dur..." Bu, artıq harınlıqdır, milli dəyərlərə, adət-ənənələrə xəyanətdir. Toy, nişan edən gəlib niyə səndən icazə almalıdır? İş adamları haqqında da lazım olmayan yollar tutub - mülkiyyətləri əllərindən alınıb, fəaliyyətlərinə məhdudiyyətlər qoyulub, incidiliblər. Bunlar olmalı deyildi. Belə bir şəxsin bu cür hərəkətlərə yol verməsi, belə ab-havada, görkəmdə işdən azad olunması bizim idarəçiliyimizə çox böyük zərbədir. Vəzifə ötəridir, vəzifəyə gələn çıxacağı günü də fikirləşməlidir. Bir atanın yol verdiyi o səhvləri ailə üzvləri də çəkir, onlara da iradlar tutulur, problemlər yaranır. Ona görə də vəzifəyə gələnlər kollektivini öz ailəsi bilməlidir.  Anlamalıdır ki, hər kəsin övladı var və hamı balasına çörək aparmaq, onu xoşbəxt böyütmək istəyir. O xoşbəxtliyi, çörəyi əldən almaq nanəciblikdir və nanəcibliyin də axırı belə olur...

 

- Azərbaycanda məmur vəzifədə olanda tərifləyirlər, azad edildikdən sonra linç edirlər, niyə bu ənənə halına çevrilib?

 

- Bu, bilavasitə dünya görüşünün məhdudluğundan asılıdır. Vəzifədən gedən çox adam var ki, onun haqqında pis fikir söyləmirlər. Məsələn, Artur Rasizadə. Uzun müddət Baş nazir işlədi. Çox sədaqətli, ləyaqətli xidmət edən, böyük vəzifə daşıyanlardan biri idi. Çünki o, sağlam ideyalara xidmət edirdi. Heydər Əliyevin ideyasını həyata keçirirdi və ən böyük postda oturmuşdu. Haqqında nə yazılır? Nə deyilir? Ciddi bir şey yoxdur ki... Amma baxın balaca bir rayonun icra başçısı nə haqq-hesablar edir, indi də həbsdə yatır. İnsanların gözü etalondur, seçə bilirlər. O qədər sağlam, sədaqətli dövlət məmurları - hörmətli nazirlərimiz, icra başçılarımız, digər sahələrdə məsul vəzifəli adamlarımız var ki. Sadəcə, pisi daha çox təbliğ edirik və bu, düzgün yanaşma deyil. Kiminsə evdə yoldaşı ilə münasibəti düz gəlmir, deyirlər ki, dövlət niyə bunun qarşısını almır?

 

- Məmurlardan kimlərlə dostluq edirsiniz?

 

- Məmurların hamısının hörmətini saxlayıram. Onların təqdimatında etimad, dəstək varsa, hörmət edilməlidir. Milli Məclisin Aqrar siyasət komitəsiyik. Sözsüz ki, sahəmizə uyğun olan müəyyən nazirliklər, qurumlar, komitələrlə münasibətlər yaratmalıyıq. Amma dostluq məsələsi elədir ki, ümumi meyarlar var - dövlət mənafeyi - bu baxımdan olmalıdır. Dostluq məsələsində çox xəsisəm. Hər adamla daim dostluq etmək çətindir. Uyğunluq olmalıdır - bu, həm vəzifəylə ölçüyə gəlməlidir, dəyərlər üst-üstə düşməlidir, qabiliyyət, səviyyə uygun olmalıdır. Bunlar olmasa, heç vaxt dostluq alına bilməz. Orta məktəb, gənclik dostlarım var. Bir çoxu dünyasını dəyişib. 30-35 ildir, dostluq etdiyim müəllim dostlarım var. Rayona gedəndə onlarla görüşürəm. Vəzifəli yoldaşlarla yalnız işlə əlaqəli görüşürük. Onlarla yemək yeyim, dəqiqə başı bir yerdə oturum, iş vaxtı zəng etsinlər ki, gəlirəm yanına - bunlar yoxdur. Dövlət məmurlarına sayqı ilə yanaşıram. Bu gün hansısa məmur vəzifədədirsə, gedim onun yanına, deyim ki, dostumsan - bunu qəbul etmirəm, etməyəcəyəm. Qarşı-qarşıya gələndə hal-əhval tuturam. Sağ olsunlar, bayramlarda təbriklər göndərirlər. Mən də zəng edib bir çoxlarını təbrik edirəm, yəni qarşılıqlıdır. Dostluq adından istifadə edərək, hansısa məsələyə görə zəng et - bu da məndə yoxdur. Bəzən deyirlər ki, məmurlar deputatların telefonuna cavab vermirlər. Mən görməmişəm.  Zəng etdiyim  nazir, nazir müavini, komitə sədri həmişə mənə sayqılı olub. Bəlkə, mən münasibətdən şəxsi mənafeyim üçün istifadə etməmişəm, buna görədir? Səbəbi bilmirəm, amma sayqı görmüşəm.

 

- Azərbaycan televiziyalarını izləyirsiniz?

 

- Kanalların hamısını tez-tez izləyirəm. İşdən saat 6-7-də çıxandan sonra başqa nə var ki? Ya telefondur, ya televizor. Sanballı verilişlər də var. Vətənpərvərlik haqqında verilişlər məni çox sevindirir. AzTV-də köhnə adət-ənənələrə həsr olunan, nəsihətli verilişləri də çox bəyənirəm. Mədəniyyət TV-nin də verilişlərinə xoşum gəlir. Məsələn, İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişi rəğbət doğurur - səviyyəli müzakirə gedir, aparıcılar da sanballıdır. Efirlərdə bayağı şou verlişlər də həddən artıq çoxdur. Komediya səhnələri çox səs-küylüdür, adamı sıxır. Gülüş ürəkdən gəlməli, həm də düşündürməlidir, hırıltı olmamalıdır. Yerli teleseriallarda elə qışqırıqla danışırlar ki, adamın qulağı batır. Televiziya mədəniyyəti olmalıdır. Elə ifadələr var, əxlaqa ziddir. Bunlara son qoyulmalıdır, amma qoyulmur. Mənəvi haqqı olmayanlar efirdə mənəviyyatdan dərs deyir, ailəsinin bir neçə dəfə boşanması ilə fəxr edir. 80 yaşında kişi efirə çıxıb arvad axtarır. Yolverilməzdir. O qədər gözəl ziyalılarımız, alimlərimiz, sadə əmək adamları var, niyə efirə çıxıb danışmasınlar? Üç-dörd saat şou verilişi olar? Qulaq batır axı. Bəziləri elə eybəcər şeirlər yazırlar ki. Elza Seyidcahana bir bəstəkar, müğənni kimi hörmətim var, sənətkarlığı da yerindədir. Amma bu şeiriyyət onu tamamilə hörmətdən salır. Efirə onu musiqisinə, sənətinə görə dəvət etməlidirlər. Təəssüf ki, əksər aparıcılar lağ yerinə çevirirlər. Bu, reytinq deyil, öz müğənnimizə, həm də tamaşaçımıza hörmətsizlikdir. Cırıq şalvarla efirə çıxan bir bəyə aparıcı bunu irad tutmalıdır. Yaxası açıq, cırıq şalvar... Baxanda utanıram ki, Xalq artisti, Əməkdar artist – bunlara ad verilib, efirə niyə sayqısız formada çıxsınlar? Bəzi siyasətçilər efirə çıxıb dövlət məmurlarını, deputatları söyürlər. “Space TV”nin keçmiş rəhbəri Vaqif Mustafayevə böyük hörmətim var idi. Partiya sədrlərindən birini efirə çıxarmışdı, dönə-dönə deyirdi ki, deputatlar savadsız, qabiliyyətsizdir, aparıcı da gülürdü. Səhər Vaqif müəllimə zəng etdim. Dedim ki, sizin kanal deputatları söyməkdən ötrüdür? Dedi, müəllim, müxalifət partiyasının sədridir. Müxalifət partiyasının sədri söyüş söyməlidir? Ümumi danışır, gəlsin onunla söhbət edək. Deyir ki, müəllim, vallah, biz deyə bilmirik. Dedim ki, deyə bilmirsənsə, efirə çağırma. Sonradan çağırmadı. Efirə nəzarət olmalıdır.

 

- Bir müddət əvvəl prosdüsser Tarix Əliyevlə bağlı qalmaqallı açıqlama vermişdiniz. “Sabah Toliklə YAP-n təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram” demişdiniz, amma bir müddət sonra YAP-ın tədbirində qol-qola foto çəkdirmişdiniz. İndi münasibətlər necədir?

 

- Tarix Əliyev çox işgüzar, diqqətcil bir adamdır. Kim necə qiymətləndirirsə, qiymətləndirsin. Mənə zəng edib dedilər ki, cinsi azlıqları təbliğ edən adamlar var, o cümlədən Tarix Əliyevin də adını çəkmişdilər. Ümumi sual qoydular ki, partiya bu məsələyə necə baxır? Dedim ki, bu, onların şəxsi həyatlarıdır, şəxsi həyat barəsində heç nə deyə bilmərəm. İkincisi, əlimdə bu barədə fakt yoxdur. Amma Partiyanın Nizamnaməsi var, belə adamlar Partiyada ola bilməz və belələri ilə bir sırada olmağı istəmərəm. Sayt yazıda digərlərinin adını çıxarıb, bircə Tolikin adını saxlayaraq paylaşmışdı. Bu, etikaya uyğun deyil. Mənə Partiyadan zəng etdilər ki, Tarix Əliyev tədbirlərimizdə iştirak edir, sizdən inciyib. İzah etdim ki, elə deməmişəm. Tolikə zəng etmək istədim. Dedilər ki, özü sizə zəng edər. Zəng etdi, Tolik mənə dedi ki, nə demisinizsə, yaxşı demisiniz, bilirəm, fikirlərinizi təhrif edirlər, siz mənim ağsaqqalımsınız, sizə böyük hörmətim var. Dedi ki, həmin sayt mənimlə düşməndir, ona görə belə edir. Saytın rəhbərinə zəng etdim, mənə dedi ki, ay müəllim, Tarixdən qorxursunuz? Dedim ki, bu, qorxmaq deyil, dörd nəfərin adını demişdin, niyə birini saxlamısan? Dedi ki, o əclafdır. Dedim ki, münasibətiniz necədir, bilmirəm, amma onun xətrinə dəyib, şəxsiyyəti var, insandır. Saytın rəhbəri Tarixin adını çıxaracağını dedi. Bir də gördüm ki, saytda yazıb “Tahir Rzayev Tolikdən qorxur...” İndi buna nə edim? Ötdü-keçdi, reaksiya vermədim. Mərdəkanda idim. Xəzər rayon YAP-ın təşkilatçılığı ilə dəniz kənarında ekologiyaya həsr olunmuş tədbir keçirildi. Dəvət etdilər. Getdim gördüm ki, Siyavuş Novruzov, Hadı Rəcəbli, rəhmətlik Fəttah Heydərov və başqaları da ordadır. Tədbirdə konsert də təşkil olunmuşdu. Dedilər, Tolik də gəlib. Hadı müəllimgillə kənarda dayanmışdıq. Tolik gəlib məni qucaqladı, “ay müəllim, sənə qurban olum, nə demisən, düz demisən, gəl şəkil çəkdirək”. Necə deyim ki, şəkil çəkdirməyək, axı olmaz. Digər deputatlarla birgə dayanıb, şəkil çəkdirdik. Bilmədim ki, səhifəsində paylaşar. Saytlar da paylaşdı. On gün sonra YAP-ın başqa tədbirində də rastlaşdıq. Çox gözəl tədbir keçdi. Sonra öyrəndim ki, Tarix Əliyev bir çox belə tədbirlərdə iştirak edir. O vaxtdan onu görməmişəm. Onunla nə düşmənçiliyim ola bilər? İnsandır. Amma məsələni elə qabartmışdılar ki, sanki düşmən olmalıyıq. Tarix Əliyevə nə olub ki? Mehriban insandır, səmimidir, hər kəsin hörmətini saxlayır, yaxşı təşkilatçılıq edir. Zəng etsə, cavab verərəm, desə ki, gedək çay içək, gedərəm. Əyri yolu varsa, məsləhət verərəm. Ona çox pislik edən var, haqqında çox şeylər yazırlar. Həyatdır, insanlar bir-birilərinə kömək etməli, dəyər verməlidirlər...

 

- Son dövrlər Azərbaycanda müəllimlərə münasibət dəyişib. Məsələn, əvvəllər müəllim şagirdi döyəndə bu ictimailəşmirdi, günahı şagirddə görürdülər. Amma indi, hətta müəllimin şagirdi döyməsini videoya çəkib ictimailəşdirirlər. - Sizin dövrünüzdə necə idi? Müəllimlərinizdən hansısa iləsə problem yaşamısınız?

 

- Məktəbimizin həyətində gilas ağacı var idi. Uşaqlar gilas ağacına çıxdılar, mən yox. 7-8-ci sinifdə oxuyurduq. Gilası yolub tökürdülər. Birdən dedilər ki, direktor gəlir, əlində də çubuq. Uşaqlar hamısı qaçdılar. Mənimsə günahım yox idi deyə, qaçmadım. Direktor mənə iki dəfə möhkəm çubuq çəkdi. (gülür) Atam bunu biləndə direktora dedi ki, düz eləmisən, uşaqlar ağacı məhv etməməli idilər, Tahir də orda olmamalı idi. Bir dəfə də Bakıdan məktəbimizə nəğmə müəllimi gəlmişdi. Uşaqlara deyirdi ki, nəğmə oxuyun, mən də nəğmə oxumağı özümə ar bilirdim. IX sinif idik, səsim cığ-cığ çıxırdı. Müəllimin heç öz səsi də yox idi. Mənə "oxu" dedi, oxumadım. Sonra uşaqlardan biri oxuyanda səsi cığ-cığ çıxdı, həddən artıq pis oxuyurdu. Mən də güldüm, müəllim də mənə sillə vurdu, dedi ki, özün oxumursan, nəyə gülürsən? Çox pis oldum, amma evdə demədim. Səhər həmin müəllim məni kənara çəkib dedi ki, düz etmədim, o biri uşaqlar da gülmüşdü, amma sən nəğmə oxumamışdın deyə, gücüm sənə çatdı, gəl barışaq... (gülür) Bundan başqa olmayıb. Orta məktəbdə əlaçı olmuşam. 13 yaşımdan qəzetlərdə məqalələrim, şeirlərim çıxıb. Müəllim-şagird münasibəti doğma olmalıdır. Müəllimi şagirdin valideyni hesab etmişəm, ata-anadan da irəlidir. Valideyn bizi dünyaya gətirir, müəllim isə elm verir, gözümüzü açır. Biz o vaxtlar müəllimə belə baxmışıq. Atam müharibə görmüş adam idi, həmişə deyirdi ki, müəllimlərə hörmət edin. Ayda iki dəfə məktəbə gələrdi, birdən-birə qapını açıb, sinfə girirdi. Müəllimə deyirdi ki, Tahiri dərsə qaldır. Vay o günə ki, dərsi bilməyəm. İndi deyirlər "müəllim mənə dedi ki, məktəbə filan şey gətir". Məktəbə hamı kömək etməlidir. O vaxtlar valideynlərimiz məktəbə dəstək verirdilər. Odun, pəncərə şüşəsi, boya, kömür... Valideyn müəllimə deyirdi ki, uşağımın "gözünü deş, oxut". Bu, gözü deşmək demək deyildi. “Gözünü aç, oxut” anlamında idi. Çox qəribədir ki, indi bu, yoxdur. İndi müəllimə deyirlər ki, uşağımın xətrinə niyə dəymisən? Uşaq dərsdə qışqırır, müəllim qolundan tutur, səhər valideyn gəlib müəllimi təhqir edir, məhkəməyə verir, direktor, müvafiq qurumlar müəllimə töhmət verir, şəxsiyyətini alçaldır. Belə halda müəllim nə dərs deyəcək? Yolverilməzdir. Müəllim bu gün həddindən artıq zəif olub. Çox pis hisslər keçirirəm. Valideyn-məktəb münasibətləri dəyişdirilməli, qarşıya ciddi tələblər qoyulmalıdır. Müəllim olmaq üçün neçə imtahandan keçirlər, psixoloji gərginlik yaşayırlar, bir tərəfdən də valideynlərin etinasızlığı... Bizim vaxtımızda elə bilirdik ki, müəllimlər yatmır, yemək yemir. İdeal, müqəddəs idilər, hörmət var idi...

 

- “Artıq kənd yerindəki qızlar inək sağmaq istəmirlər...” açıqlamanız xeyli müzakirə olunmuşdu. Bildirirlər ki, deputat məsələyə köhnə qaydalarla yanaşır, indi elm, texnika əsridir. İşgüzarlıq inək sağmaqla niyə ölçülsün ki?

 

- Ət, süd, yağ, qatıq lazımdırsa, bunları istehsal edən adam da olmalıdır. Bu, yerdən çıxmır axı. Buna elm lazım deyil, bazara çıxaran adam lazımdır. Bəs kim etməlidir?  Kənddə oturan kişi, ya da qadın, ya gənc. Mənə demişdilər ki, müxalifət deyir “millət çox kasıbdır, dilənçidir”. Mən də demişdim ki, aramızda kasıblar, imkansızlar var, amma millətimə “dilənçi”, “fərrari”, “hüquqsuz” demək olmaz. Bir nəfər Bakıya gəlir, 120-130 bal toplayıb bir kollecə, ya özəl universitetə qəbul olur. Sonra gedib deyir ki, mənə kənddə vəzifə ver. Kənddə vəzifə yoxdur, buna nə vəzifə verilməlidir? Sahibkarlıqdır, insanlar təsərrüfatla məşğuldur. Məsələn, qardaşım da təsərrüfatla məşğuldur. Pay torpağımız var. Ailəsini yaxşı dolandırır, mal-qarası var, taxıl, yonca əkir. Səhər tezdən saat 6-dan işinin başına keçir. İndi kənddə toyuq saxlayan yoxdur. Hamı çolpanı bazardan alıb aparır. İnək saxlamaq istəyən də yoxdur. Təsərrüfatla yalnız orta nəsil, yaşlılar məşğuldur. Cavanlar kəndin çayxanasında, yol kənarında... Torpaq veriblər, ək, biç, mal-qara saxla. İndi kənd qızlarımız şəhər qızlarımızdan fərqlənmir. Hamısı gözəl-göyçək geyinib-keçinirlər, əməkdən çox uzaqdırlar. Əvvəllər pambıq becərirdilər. İndi mənə deyirlər ki, o zamanə gedib, sən köhnə fikirli adamsan. Bəs qatıq, süd hardan olmalıdır? Əti kim sənə gətirməlidir? Ailədə səkkiz övlad olmuşuq. Atam maliyyə işçisi olub. Rayon mərkəzində yaşasaq da, son dövrlərə qədər qapımızda inək saxlamışıq. Atam rəhmətə gedənə qədər həyətimizdə qoyun saxlayardı. Məktəbli idik, atama kömək edirdik. Pambıq sahəsi becərirdik - ailəyə kömək idi. Universitetdə oxuyanda fəhlə işləmişəm, bundan peşman deyiləm. Beton töküb, daş qaldırırdıq. Demirəm ki, indiki gənclərin hamısı tənbəldir, amma tənbəllər çoxdur. Pambıq qalır evinin kənarında, onu yığıb sata bilər. Heç kim etmir. "Bizə ancaq dövlət tərəfindən təminat verilsin..." Bu gün yaxşı bənna, dülgər, dərzi, ayaqqabıtikən yoxdur. Bəs bunları kim etməlidir? Savadı olanlar elm arxasınca getsinlər, savadı olmayanlar sənət öyrənsinlər. Gələcəkdə orda-burda hərlənməklə ailə saxlaya bilməyəcəklər. Kənddən niyə şəhərə gəlirlər? Qal təsərrüfatda, işlə də... Boşanmalar da buna görə olur. Əvvəllər kənddə pambıqçı qız mexanizator oğlanla evlənirdi, sağıcı sürücü ilə. Zəhmətə alışmış adamlar idilər. İndi bəzi qızlarımız şəhərə gəlməyi özləri üçün fərq bilirlər...

 

- Biznesinizin olduğu bildirilir. Ferma, çörək zavodu, Mərkəzi Univermaqda qızıl köşkləri...

 

- Nə böyüklərim, nə də mən  heç vaxt şan-şöhrət, var-dövlət düşkünü olmamışıq. Sadə bir ailədə doğulmuşam. Bacı-qardaşlarım arasında orta, ali təhsilli, işsiz, təsərrüfatla məşğul olanlar var. Uzun müddət rayonda işləmişəm. Müstəqillik dövrünə kimi icra başçısının ikinci katibi vəzifəsinə qədər gəlmişəm. Dövlət əməkhaqqı verib, bu, məni qane edib. Həyat yoldaşım da ali təhsillidir, ingilis-alman dili müəllimi olub, ikimiz də işləmişik. Harın, meşşan həyatı keçirməmişik, qənaət etmişik. Amma heç vaxt “hardasa mağaza açım, ferma yaradaq, qazanc gəlsin” deməmişəm, mümkün deyil. Birincisi, bunun üçün külli miqdarda pul lazımdır. Belə şey olmayıb, bu gün də yoxdur. Ağcəbədiyə zəng edib, öyrənə bilərsiniz. Soruşun ki, Tahir Rzayevin Ağcəbədidə evi necədir, həyəti nə böyüklükdədir, ya hardasa obyekti var, yoxdur? Varsa, göstərsin, deyim ki, get, götür. Qoyunun min dənəsini verirəm, yerini tap, götür. Nə qızıl mağazaları? (gülür) Ömrümdə qızıl-zinətlə fəxr edən adam olmamışam. Sadə bir ömür yaşamışam, buna görə də qürur duyuram ki, mənə etimad göstəriblər. Yenə deyirəm, Qardaşımın pay torpağı var, bizim də. Həyat yoldaşım kolxoz ərazisində dərs dediyinə görə, bizə də pay torpaq düşüb. Mənim elə böyük imkanım olmayıb ki, xərc çəkib, ferma tikim. Uydurmadır. Özüm də pis oluram ki, bu insanlar niyə belə danışır? 20 il deputatlıq dövrümdə ictimai nəqliyyatdan istifadə etdim. Bir neçə dəfə yazdılar ki, Tahir Rzayev metro ilə gedir. Elmlər Akademiyası metrostansiyasından Memar Əcəmiyə beş dəqiqə yoldur. Dostumla görüşə gedirdim. Şəklimi çəkiblər. Gedib Əcəmiyə çatmamış evdən zəng vurdular ki, metroda şəklini çəkiblər. Üç gündə iyirmi üç min adam münasibət bildirdi. İndi gözəl şəkillər paylaşıram, ona münasibət bildirmirlər. Yazdılar ki, yenidir, özünü göstərir, gözə girmək istəyir... Daha demirlər ki, iyirmi ildir, deputatam. (gülür) Bilmirlər axı... Nə qədər insan olub ki, aidiyyəti qurumlarla problemlərini həll etməyə kömək göstərmişik. Amma hər şey qanun çərçivəsində olmalıdır.

 

- Seçiçilərinizlə problemlər olur?

 

- Vallah, zəng edirlər ki, müəllim, qapımı su basıb ey... Deyirəm ki, nə edim? "Müəllim, bu su niyə belə çox gəlib, kanal daşır..." Deyirəm ki, bəs sənin icra nümayəndəliyin yoxdur? Yaxud "müəllim, yüksək gərginlikli dam tikmişəm, heyvanlarım qalıb altında, xətti on metr o tərəfdən çək" Deyirəm, ay bala, mən çəkə bilmərəm, niyə orda tikirdin? "Səhv edib tikmişəm də indi..." Deyirəm, oğul, mən seçilməmişəm ki, gəlib sənin çəpərini çəkim. Nə qədər insan olub ki, aidiyyəti qurumlarla problemlərini həll etməyə kömək göstərmişik. Amma hər şey qanun çərçivəsində olmalıdır. Məsələn, cavan oğlandır, iş istəyir, ərizə yazır, deyirəm ki, oğlum, təhsilin nədir? Deyir ki, 9-cu sinfi bitirmişəm, qaz idarəsində işləmək istəyirəm. Deyirəm ki, axı sən qaz mütəxəssisi deyilsən, sabah hansısa evi partlada bilərsən, kommunal təsərrüfat idarəsində yaşıllaşdırmada işlə. Deyir "müəllim, mən gedib ağac sulayanam?" Sonra yazır ki, Tahir Rzayev məni qəbul etmədi, şikayətimizə baxmır, onu niyə seçmişik? Digərləri də baxıb deyir ki, belə deputat kimə lazımdır? Bir qız gəlib deyir ki, mənə ev tik. Deyirəm, qızım, mənim sənə ev tikməyə imkanım yoxdur, amma daşından, sementindən, qumundan köməklik edə bilərəm. Deyir ki, yox, deputatsan, niyə tikməli deyilsən? Deyirəm niyə işləmirsən, deyir ki, ərim aliment verir, sosial alıram, bəs edir, mənə ev lazımdır. İş təklif edirik, istəmir, sonra əlli yerə yazır, teleqram vurur... Rayona hər gedəndə şəhərimizin, ziyalılarımızın məzarlarını ziyarət edirəm. Yazırlar "Tahir Rzayev, biz qalmışıq burda, səni deputat seçmişik ki, gedib ölülərlə görüşəsən?" (gülür) Köməkçimə deyirəm ki, bunu deyən adam zəng etsin, nə dərdi varsa, danışaq. Deyir ki, mənim heç bir dərdim yoxdur, elə-belə yazmışdım. Dedim, "ay oğul, hamı da elə bilir ki, deputat ancaq ölülərin yanına gedir, dirilər yaddan çıxıb" (gülür) Çox qəribə yanaşmalar var...

 

- Parlamentə növbəti dəfə namizədliyinizi irəli sürəcəksiniz?

 

- Namizədliyim beş dəfə Yeni Azərbaycan Partiyasından irəli sürülüb. YAP-ın üzvüyəm, Nizamnamə tələblərinə əməl edən adamam. Partiyanın ideyaları, dövlət rəhbərinin qarşıya qoyduğu vəzifələr var. Bunu yerinə yetirirəm. Partiyanin İdarə Heyəti məsləhət biləcəksə, mən gedərəm. Məndən yaxşı adam olacaqsa, ona vəkillik etməyə hazıram. Bunu həmişə demişəm. Bir adamın səhvi bəzən cəmiyyətə, siyasi partiyanın imicinə müəyyən qədər ziyan vurur. Ona görə də hər kəs özünü doğrultmaq üçün çalışmalıdır. Son seçkiyə gedən adamlar oldu. Bir ağcəbədili kimi təəssüf etdim. Tanıdığım adamlar idi, biri tələbə idi, III kursda oxuyurdu. Təhqirlə danışdı ki, “Tahir Rzayev nə qədər deputat olasıdır, niyə mən deputat olmuram?” Axı o, hələ bilmir seçki nədir, 20 yaşı var, heç əsgərliyə getməyib. Kasıb ailədən idi. Xeyli ziyana düşdü. Bahalı maşın sifariş etdi. Bakıdan gedirdi, özünə də bir-iki adam qoşmuşdu. Lovğalanırdı, kəndə girirdi, guya görüşə gedir. Görüşə kim gələsidir? Onun kimi çoxu var idi. Haqq-ədalətdən danışırdılar. Haqqımda yalan məlumatlar yaydılar. Dedim ki, bu nə ehtiyacdır, belə şey lazım deyil, seçkidir. Heç səs də yığa bilmədilər. Seçkilərdə şou yaratmaq olmaz. Hamı tanıyır kim-kimdir. Təəssüf ki, belələri seçkiləri hörmətdən salır, demokratik imicə ziyan vururlar. Seçki çox çətin prosesdir. Ağcəbədililərdən, partiyamızdan çox razıyam. Seçki vaxtı insanlara elə yalan sözlər verirlər ki. Bəzi siyasi partiya rəhbərləri necə ki çıxıb söyüşlə danışırlar, hamı da deyir "afərin, nə gözəl danışır". Əli Kərimlidir, onun böyründəkilər, xaricdə oturanlar pafoslu danışırlar. Bir sözlə, məsləhət olmayacaqsa, partiyanın Nizamnamə tələblərindən kənara çıxan deyiləm. Partiyanın tapşırığı belə olub, bu sahədə vəzifəni mən həyata keçirirəm. Yaxşısı olacaqsa, qoy o gəlsin. Bu, dövləti irəli aparmaqdır. Bu gün parlamentdə çox savadlı, ölkəmizi xaricdə təmsil edən intellektli gənclər var. İstərdim ki, belə cavanlar deputat seçilsinlər...

 

Xəbərlər