Cəmiyyət 16 Oktyabr 2023, 16:53 | Baxış sayı: 189
“Kimdən soruşursan, ali məktəb bitirib”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən həftə parlamentdə keçirilən konfransda çıxışı zamanı bildirib ki, gənclər arasında işsizlik daha yüksəkdir. 

Demokrat.az xəbər verir ki, nazirin sözlərinə görə dünyanın hər yerində gənclərin iş tapması daha çətindir:

“Bunun üçün proqramlar olmalıdırmı? Bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”. 


Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında ölkədə gənclər arasında geniş yayılmış problemin səbəblərinə toxunub:

“Xüsusən də region gəncləri arasında işsizliyin səviyyəsi yüksəkdir. Bunun səbəblərindən biri bazar iqtisadiyyatıdır. Qiymət və əmək haqqı tələb-təklif və rəqabət əsasında formalaşır. Regionlarda daha çox hansı sahələr üzrə mütəxəssislərə ehtiyac olduğuna nəzər salaq. Torpaqşünas, aqronom, baytar, mexanik, zavod mühəndislərinə ehtiyac var. Bölgələrdə fəaliyyət göstərən zavodlarda 55-60 yaşlarından aşağı mühəndislərə rast gəlinmir. Bundan başqa, paytaxtdan fərqli olaraq regionlarda İT, maliyyə ixtisaslarına yiyələnmiş kadrlar da demək olar ki, yoxdur”. 

R.Quliyevin fikrincə, ali təhsilin rol oynamadığı bir çox peşə növləri var, lakin gənclər həmin istiqamətlərə yönəlməkdə maraqlı deyillər: 

“Bu günün özündə Lənkərandakı otellərdə, turizm mərkəzlərində təcrübəli ofisiant, aşpaz, menecer, qeydiyyatçı işlərində çalışan şəxslər var. Yeni açılan obyektlərə təcrübəli, işini yaxşı bilən heyət lazımdır. Burada ali təhsil bir o qədər də rol oynamır. Tarixi, rayonun coğrafiyasını yaxşı bilən, ən az rus və ingilis dillərində danışa bilən turizm bələdçilərinə tələbat var. Regionlarda bu sahələrə yiyələnən gənclərin sayı nə qədərdir? Gənclər özlərinə ixtisas, peşə seçəndə gələcəkdə iş imkanlarını nəzərə almalıdırlar. Adicə yaxşı qaz, işıq ustası tapmaq müşkülə çevrilib.

Vətəndaşlarla görüşlərimdə sahibkarlar da iştirak edir. Onlara balıqçılıq üzrə mütəxəssislər lazımdır. Lənkəranda süni göllər yaradılıb, sayları artır. Sahibkarlar yerli sakinlər arasından mütəxəssəsi tapa bilmirlər. Paytaxtdan işçi cəlb etməksə, böyük maliyyə imkanları tələb edir”.
 
Deputat əlavə edib ki, dövlət nə qədər şərait yaratsa da, hər kəsi işlə təmin edə bilməz:

“Bazar iqtisadiyyatının hakim olduğu ölkələrdə dövlət hamını işlə təmin edə bilmir. Dövlət lazımi şərait yaradır, stimullaşdırır, işin geri qalanı gənclərin özündən asılıdır.

Kimdən soruşursan, ali məktəb bitirib. Əksəriyyəti də eyni ixtisaslar – hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat. Bölgələrdə bu ixtisaslar üzrə elə də çox mütəxəssisə ehtiyac yoxdur. Əsas sadaladığım sahələrdə kadr azlığı yaşanır, bu peşələrə yönəlsinlər. Əkinçilik, çayçılıq, düyüçülük inkişaf edir, amma mütəxəssis yoxdur”.

demokrat.az
 

Xəbərlər