"Keçmiş mühacirlərin həbsində heç bir siyasi məsələdən söhbət gedə bilməz".
“Azərbaycan hüquqi dövlət kimi ölkənin Konstitusiyasından irəli gələn müddəalarla idarə olunur. Ən ali qanun olaraq Konstitusiyaya əməl etmək hər bir vətəndaşın borcudur. Ölkəmizdə insanların hüquq və azadlıqları qorunur. Lakin hansısa cinayət əməli törədilərsə, bu, konkret olaraq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu, hüquqi çərçivədə tənzimlənən məsələlərdir. Almaniyadan ölkəmizə geri göndərilən mühacirlərin bir qrupu həbs edilibsə, o demək deyil ki, onların hər biri sənədinin qaydasında olmaması ucbatından həbs olunub. Həmin şəxslər arasında həbs olunanlar varsa, bu və ya digər formada, ola bilsin ki, Almaniya qanunlarına riayət etməyiblər, qanunları pozublar. Burada heç bir siyasi məsələdən söhbət gedə bilməz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.
“Əsas məsələ qanunun aliliyidir, ona hörmətdir. Hazırda bütün bu məsələlərə dərindən şərh verilməsi doğru deyil. Çünki bu, hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Hansısa fikrin səsləndirilməsi təsir göstərmək anlamına gələ bilər. Əmin olun ki, bu cür məsələlər dərindən araşdırılır”, - deputat qeyd edib.