Cəmiyyət 22 Noyabr 2021, 14:36 | Baxış sayı: 411
"Keçmiş adət -ənənələri bugünkü iqtisadi, sosial vəziyyətə uyğunlaşdırmağa ciddi ehtiyac var”.

"İndiki gənclər həyatlarını daha fərqli yaşamaq istəyirlər"

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov Modern.az-a bildirib ki, son illər ailə quranların və boşananların sayında dinamika qorunub saxlanılır:

“Təbii ki, hər il boşananların sayında müəyyən artım müşahidə olunur. Bu bizi narahat edir. Səbəblər müxtəlifdir. Boşanma prosseslərinin hər birini ayrı-ayrılıqda analiz etsək, yaxud məhkəmədə səsləndirilən fikirlərə diqqət yetirsək görəcəyik ki, bu artımın səbəbi ailədaxili münaqişələrdir. Təbii bizim milli adət-ənənəyə uyğun olaraq, müəyyən bir ailə qurmaq prosedurlarımız mövcuddur. Düşünürəm ki, həyatımıza yeni əlavə olunmuş elementləri nəzərə almaqla, ailə institutunda, ümumiyyətlə prossesin özündə müəyyən düzəlişlər etməyə ehtiyac var. Gənclərimiz əvvəlki illərə nisbətən dözümsüz kimi qələmə verilir. Ancaq bu fikirlə razı deyiləm. Sadəcə, insanların seçmə hüququndan daha çox istifadə etmək gənclərə şamil olunur. Əvvəlki illərdə ailədaxili münaqişələr daha çox dözümlülük prinsipi ilə qorunub saxlanılırdısa, indi gənclər öz həyatlarını daha fərqli yaşamaq ixtiyarına malikdirlər. Bunun üçün də hansısa ziddiyyət yarandıqda ayrılma qərarını verirlər”.

Deputat düşünür ki, boşanmalara ən əsas səbəblərdən biri maddi vəziyyətin pis olmasıdır:

“Statistikaya nəzər salsaq görəcəyik ki, boşanmaların arasında xəyanət, sərxoşluq, pis vərdişlərə düçar olmuşlar üstünlük təşkil edir. Demək ki, biz boşanmaların səbəbini həyatımızda baş verən prosseslərdə deyil, ümumilikdə təlim-tərbiyə işlərində, uşaqlıq, ailə qurma prosseslərində axtarmalıyıq. Fikrimcə, o prosselərə müəyyən düzəlişlər etməyə ehtiyac var. Burada həm valideynlər, həm də yeni ailə quran gənclər müştərək əməkdaşlıq formatı qurmalıdır. Məncə, keçmiş adət -ənənələri bugünkü iqtisadi, sosial vəziyyətə uyğunlaşdırmağa ciddi ehtiyac var”.

“Karantin boşanmaları sürətləndirdi”

R.Məmmədov son bir il ərzində karantin, COVID-19 pandemiyası ilə mübarizədə müəyyən məhdudiyyətlərin ailədaxili münaqişələrin artımını, eyni zamanda kəskinləşməsini sürətləndirdiyini istinsa etməyib:

“Ancaq düşünmürəm ki, boşanmalara gətirib çıxaran səbəblər arasında məhz pandemiya dövrü və sərt karantin qaydalarının təsiri olsun. Sadəcə, bu müddət əvvəldən olan hansısa ziddiyəti, öncədən olan sıxıntıları müəyyən mənada sürətləndirə, yaxud biruzə verə bilər”.

Xəbərlər