Siyasət 12 Aprel 2023, 15:04 | Baxış sayı: 171
“Ermənistan sülhün və sabitliyin yaradılmasında maraqlı deyil”

“Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat regionda davamlı sülhün və sabitliyin yaradılmasında maraqlı olmadığını nümayiş etdirir. Təəssüf ki, Ermənistanın 44 günlük müharibənin nəticələrindən, müharibədən sonrakı dövrdə törətdiyi təxribatlar zamanı üzləşdiyi itkilərdən dərs çıxarmadığını görürük”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs, Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı ardıcıl təşəbbüslərlə çıxış edir:

“Burada maraqlı məqamlardan biri təxribatın məhz Azərbaycanın xoşməramlı təşəbbüsləri fonunda baş verməsidir. Digər məqam isə bəzi üçüncü dövlətlərin Ermənistanı təxribata həvəsləndirən, Azərbaycana qarşı yönəlmiş açıqlama və bəyanatlarıdır. Düşünürəm ki, baş verən təxribatın səbəblərini təhlil edərkən bu iki amili diqqətə almaq lazımdır”.

R.Məmmədov qeyd edib ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədində vəziyyətin monitorinqi məqsədilə missiya yerləşdirməsi faktını da diqqətdən kənarda qoymaq olmaz. Millət vəkilinin fikrincə, Ermənistan tərəfi missiyanın fəaliyyətinin Azərbaycanı təxribatlara adekvat cavab verməkdən çəkindirəcəyini düşünərək belə bir addım atıb:

“Monitorinq missiyası müəyyən olunarkən diplomatik normalara riayət edilməyərək, Azərbaycanın rəyi soruşulmadı. Bu isə missiyanın məqsədinin səmimiliyinə ciddi şübhələr yaradır. Ermənistan isə vəziyyətdən istifadə edərək, sərhəddə gərginlik yaratmağa, yeni təxribatlar həyata keçirməyə çalışır”.

Deputat bildirib ki, Ermənistan ordusunun bütün təxribatlarına Azərbaycan Silahlı Qüvvələri tərəfindən indiyə qədər olduğu kimi, bundan sonra da layiqli cavab veriləcək. Bu cür insidentlər sülh prosesini ləngitməklə bütövlükdə Cənubi Qafqazda sabitliyə, nəticə etibarilə isə qlobal təhlükəsizliyə təhdid yaradır:

“İndi nəinki yaşadığımız region, ümumilikdə dünya öz tarixinin həssas dövrlərindən birini yaşayır. Beynəlxalq təhlükəsizlik arxitekturası çox kövrəkdir. Beynəlxalq münasibətlərin xarakterində ciddi dəyişikliklər baş verir. Belə bir mürəkkəb vəziyyətdə lokal hesab olunan təxribatların belə, daha geniş coğrafiyada gərginlik yaratmaq ehtimalı var. Lakin istənilən halda, mövcud geosiyasi konfiqurasiya, iqtisadi, hərbi və digər amillər Ermənistanın əleyhinədir. Hesab edirəm ki, Ermənistan hökuməti həm tarixin dərslərindən nəticə çıxarmalı, həm də indiki reallıqları düzgün qiymətləndirməlidir. Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mərhələsi başlamalı, 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın şərtləri yerinə yetirilməlidir”.

Xəbərlər