"“Kar”,”kor”, “lal” və digər bu kimi sözlər daha sivil ifadələrlə əvəz edilməlidir".
“Azərabaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə məktub daxil olub. Cənab Prezident tərəfindən təqdim edilən bu layihə Mülki Məcəllə, Mülki Prosesual Məcəllə, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət Prosesual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi barəsində qanundur. Burada “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ( xüsusi təhsil) haqqında, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüququ və azadlıqlarının təmin edilməsi haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili”, “Ümumi təhsil haqqında” qanunlara dəyişiklik edilməsi haqqında qanunlar nəzərdə tutulur. Yəni burada əsas məsələ bunların hər birində sözlər və ifadələrin dəyişilməsidir. Məsələn, “lal-kar” sözləri “nitq və eşitmə qabiliyyəti tam məhdud olan” ifadəsi ilə, “kor” sözü “görmə qabiliyyəti tam məhdud olan” ifadəsi ilə əvəz edilir.”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, “kar”,”kor”, “lal” və digər bu kimi sözlər işlək sözlərdir: "Daha sivil ifadələrlə əvəz edilməlidir. Bir insana “kor” deməklə “görmə məhdudiyyətli” demək tamamilə başqadır. Bu insanlar da bizim hər birimiz kimi cəmiyyətə inteqrasiya olunmaldırlar. Ona görə də onlar haqqında fikirlər, ifadələr səsləndirildikdə hər biri nəzərə alınmalıdır və hər şey daha düzgün, daha doğru ifadə edilməldir. Ümumiyyətlə, belə qərarların hər biri müasir dövrə və qanunlara uyğunlaşdırılmalıdır, çünki cəmiyyət inkişaf edir. Yəni fikirlərimizdə, ifadələrimizdə, sənədlərdə yeni və daha doğru, daha sivil olan ifadələrdən istifadə etməliyik.”