"“JEK”lər heç bir tələbatı ödəmir, vəzifələrini yerinə yetirə bilmirlərsə, niyə fəaliyyət göstərirlər?"
Millət vəkili Tahir Rzayev hazırkı dövrdə “JEK”lərin səlahiyyətləri ilə müqayisədə mənzil haqlarını artırmalarını əsassız adlandırıb: “JEK”lər hansı əsasla, hansı qanunla mənzil haqlarını artırırlar? Buna ixtiyarları yoxdur. “JEK”lər bu gün müəyyən xidmətə görə vətəndaşlardan pul alırlar. Guya ərazilərdə təmizlik aparır, tullantıları təmizləyir, ağacları sulayırlar və s. İstənilən halda birdən-birə mənzil haqlarını qaldırmaları qanunvericiliyə ziddir. Çünki əldə əsaslı sənəd yoxdur. Heç bir tələbatı ödəmir, heç bir vəzifəni yerinə yetirə bilmirlərsə, niyə fəaliyyət göstərirlər? Onlara müəyyən imtiyazlar da verilmir, texniki-maddi bazaları, kadr potensialları yoxdur. Bir neçə insan işləyir, onlar da ancaq müəyyən vəsait toplamaqla öz büdcələrini formalaşdırırlar. “JEK”lərin fəaliyyəti özünü doğrultmur”.
Deputat bildirib ki, Mənzil Kommunal İstismar Sahələri müəyyən qaydada insanların sosial tələbatlarını ödəyir, bəzi xidmətlər götərirlər, amma bu, kifayət etmir: “Hansısa məsələ ilə bağlı “JEK”ə zəng edəndə deyir ki, mütəxəssisim, vəsaitim, lazımi texniki avadanlığım yoxdur və müvafiq quruma yönləndirir. Əgər belədirsə, onda “JEK”lərin fəaliyyəti nə ilə ölçülür? Ona görə də, “JEK”lər yerli bələdiyyələrə birləşdirilməlidir. Çünki bu gün onlar eyni qurum kimi eyni xidmətləri göstərirlər. “JEK”lərdə çalışan kadrlar bələdiyyələrin tərkibinə keçib, orada fəaliyyət göstərə bilərlər. Əslində bu, bir növ bələdiyyələrin işinə dəstəkdir. Bələdiyyələrin tərkibində iş daha samballı qurula bilər, çünki onların müəyyən maddi bazaları var, imkanları getdikcə artır”.
T.Rzayev bu məsələdə hökumətin günahlandırılması, eyni zamanda MİS-lərin mənzillərdən əldə etdikləri pulların icra hakimiyyətləri tərəfindən mənimsənilməsi ilə bağlı səslənən iddialara da münasibət bildirib: “Xeyr, bu məsələni belə qiymətləndirmək olmaz. Həmişə pis tərəfini fikirləşirik. “JEK”lər uzun müddət fəaliyyət göstərib, açıq desək, müəyyən etimada da sahib olublar, bəzi xidmətləri uğurla həyata keçiriblər. Sakinləri tanıyırlar, onlarla təmasdadırlar. Birdən-birə “JEK”lərin ləğvi də düzgün olmaz. Çünki hansısa bir qurum bu işi az da olsa, yerinə yetirməli, adamlara dəstək, istiqamət verməlidir. Mən ictimai binada yaşayıram. Binanın lövhəsi uçurdu. Sakinlər üçün təhlükə yaranmışdı. Dərhal “JEK” müdirinə zəng etdim, vəziyyəti bildirdim. Gəlib baxdılar, dedilər ki, elə bir imkanımız yoxdur, amma həll etməyə çalışacağıq. Az bir müddətdə başqa təşkilatların hesabına da olsa, problemi həll etdilər. Bu gün insanların hansısa təşkilata inamı varsa, onların fəaliyyət göstərmələri ziyan deyil. “JEK”də kimin nə qazancı var ki, onu da icra orqanları oğurlasın? “JEK” aldığı pulu ancaq vətəndaşlara sərf edir. Cüzi bir vəsaitdir, aldıqları pulun hesabına müəyyən qədər işlər də görürlər. Ay oğurladılar, dağıtdılar və s. Belə yanaşma düzgün deyil. “JEK” olmasın, lap özəl qurum olsun. Ora pul köçürürüksə, bizə xidmət göstərirsə, faydalıdır. Müəyyən problemlər var, amma bunu belə şişirtmək doğru deyil. “JEK”lər özlərini güclə dolandırırlar”.