"Əjdər Ol bağışlanmalıdır. O, yaradıcı və ziyalı kimi Azərbaycan cəmiyyətində hörmət qazanıb"
"Cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündə elan etdi ki, "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam". Cənab Prezident öz əməlləri ilə, həyata keçirdiyi işlərlə verdiyi vədə sadiq olduğunu nümayiş etdirdi. Bu, insanların əfv olunmasına, onların bağışlanmasına da şamil edilə bilər. Çünki Azərbaycanın hər bir vətəndaşının taleyi, onun həyatı cənab Prezident üçün əzizdir. Cənab Prezident öz vətəndaşlarının xoşbəxtliyi üçün əlindən gələni əsirgəmir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, müəyyən səhvləri olan və müəyyən əməllərə görə məhkum olunanların bağışlanması da Prezidentin daim diqqət mərkəzindədir:
"Ona görə də əlamətdar bayramlar, hadisələr münasibətilə Əfv sərəncamları imzalanır və yüzlərlə minlərlə adam məhkumluqdan azad olunur. Yaxud da, onların məhkumluğu müəyyən qədər azaldılır. Bu ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamından gözləntiləri böyükdür.
İnanıram ki, bu Əfv Sərəncamı ilə müəyyən insanlar məhkumluqdan azad olunacaqlar. Əjdər Olun onların arasında olması sözsüz ki, insanların istəyidirsə, mən elə bilirəm ki, Cənab Prezident bu barədə öz sözünü deyəcək.
Əgər Əjdər Ol etdiyi səhvləri etiraf edirsə, həmin səhvlərdən peşmançılıq hissi keçirirsə, o, bağışlanmalıdır. O, yaradıcı və ziyalı bir insan kimi Azərbaycan cəmiyyətində müəyyən hörmət qazanıb. Ona görə də, belə yaradıcı insanların səhvinin bağışlanması təbiidir.
Arzu edirəm ki, cənab Prezident bu dəfə də özünün humanist addımlarını atsın və Əjdər Olu əfv etsin. Yaradıcı, müəyyən cüzi səhvlər edən insanlar bağışlanmalı və öz ailələrinin yanına qayıtmalıdırlar. Sonra əfv olunan şəxslər cəmiyyətdə sağlam mövqe tutaraq, insanlara fayda verməlidirlər".