Ümumi 14 İyun 2023, 17:42 | Baxış sayı: 149
"İyunun 1-dək dayanıqlı qeyri-yaşayış binalarının istismarına sadələşdirilmiş qaydada icazə veriləcək"

Danılmaz bir həqiqətdir ki, tikinti sektoru istənilən ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir. Bu baxımdan Azərbaycanın müsbət mənada fərqləndiyini deyə bilərik. Azərbaycanın tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafı əhalinin rifahının yüksəlməsinin bariz nümunəsidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar da müşahidə olunur: “Nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilir. Belə olan halda, şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zərurəti yaranır”.

Vüqar İskəndərov nəzərə çatdırıb ki, qeyd olunanları diqqətə alaraq, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib: “Məlumat üçün bildirim ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərman imzalanıb. Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon m2 olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilib, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilib. Növbəti addım olaraq, qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanıb”.

Deputat qeyd edib ki, sözügedən Fərmanda 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur: “Ümumiyyətlə, fərmana əsasən bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Ümumilikdə, bu, həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edir”.

 

Xəbərlər