Plenar iclaslar, Qanun Layihələri 4 Mart 2022, 15:29 | Baxış sayı: 187
İTS-lə bağlı müştərək maliyyələşmənin tətbiqi təxirə salınır.

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.

Əvvəl bunun 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.

Beləliklə, 2023-cü il 1 yanvar tarixindən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbərlər