Siyasət 7 Avqust 2023, 17:31 | Baxış sayı: 141
“İstənilən vaxt Ermənistana lazımi cavab verməyə hazırıq”

"Cənab Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə dünyada geniş əks-səda doğurub. Çünki bu müsahibənin mayasında sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar edilməsi durur. Müsahibədə Prezident tərəfindən Azərbaycan-Ermənistan münasibətlərinə geniş şərh verilib. Cənab İlham Əliyev bir daha xatırlatdı ki, Azərbaycan qalib dövlət olmasına, 44 günlük müharibədə erməni Silahlı Qüvvələri üzərində tarixi qələbə qazanmasına baxmayaraq, yenə də sülh və əmin-amanlığın, münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur, Azərbaycan xalqı sülh şəraitində yaşamaq niyyətindədir. Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər davam etməsinə baxmayaraq beynəlxalq təşkilatlar bu məsələlərə laqeyd qaldıqlarına görə münaqişə vaxtında həll olunmadı. Azərbaycan öz qüvvəsinə, Silahlı Qüvvələrinin şücaətinə, xalqın birliyinə arxalanaraq öz torpaqlarını təcavüzkarlardan azad etdi. Azərbaycan bununla dünyaya bir daha göstərdi ki, onun Ordusu, xalqı hər bir mübarizəyə hazırdır, hər bir çətinliyin qarşısını ala bilər. Lakin qan axıdılması, insan tələfatı Azərbaycan üçün heç vaxt məqbul olmayıb. Buna görə də sülh müqaviləsinin bağlanması Azərbaycan dövlətinin ən başlıca məqsədidir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

“Cənab Prezident bir daha vurğuladı ki, Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirməyi kənara qoysa, onda tezliklə sülh variantını tapa bilərik.  Avropa İttifaqının bu məsələyə dəstək verməsini cənab İlham Əliyev xüsusilə vurğuladı. Bu, səbəbsiz deyil, çünki bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayan ölkələrdən biridir. İstər Avropa, istərsə də Qərb, Amerika, Rusiyanın bu məsələdə vasitəçilik etməsi, mübasənin aradan qaldırılması üçün göstərdikləri səylər təqdirəlayiqdir və Azərbaycan hər bir xeyirxah təşəbbüsü dəstəkləyir. Bugünkü reallıqlar isə bir daha göstərir ki, Ermənistan ölkə rəhbərimizin dediyi və son dövrlərdə verdiyi mesajlardan, sülh, əmin-amanlıq sahəsində irəli sürdüyü təşəbbüslərdən hələ də lazımi nəticə çıxarmayıb. Laçın yolunda guya humanitar məsələlər üçün TIR konvoyunun dayanması, Ermənistanın siyasi dairələrinin revanş götürmək, müharibəyə hazırlaşma çağırışları deməyə əsas verir ki, Ermənistan 44 günlük müharibənin nəticələrindən lazımi dərs almayıb. Azəbaycan Prezidenti təmkinlidir. Azərbaycan xalqı beynəlxalq norma və prinsiplərə əsaslanır, beynəlxalq təşkilatların dəstəyinə ümid edir. Ölkə rəhbəri bir daha qeyd etdi ki, Ermənistan Azərbaycana qarşı iddialarından əl çəkməsə, Azərbaycan başqa yol seçə bilər. Çünki Azərbaycan Ordusu qüvvətlidir, Azərbaycan xalqı mübarizəyə hazırdır. İstənilən vaxt Ermənistana lazımi cavab verməyə hazırıq. Cənab Prezident bir neçə dəfə vurğuladı ki, biz müharibə istəmirik, sülhün tərəfdarıyıq. Ermənistan, onun siyasi dairələri bütün bu deyilənlərdən lazımi nəticə çıxarmalıdır”.

pravda.az

Xəbərlər