Siyasət 24 Noyabr 2022, 15:19 | Baxış sayı: 146
“İsraildə səfirliyimizin açılmasının ən qısa vaxtda reallaşacağına heç kəs şübhə etməsin”

“Azərbaycanın İsraildə səfirlik açması qərarı heç bir dövlətə qarşı bir gediş kimi dəyərləndirilə bilməz. Azərbaycanın özünün dövlətin və millətin maraqlarına xidmət edən ardıcıl xarici siyasəti var. İsrail isə Azərbaycana dost və qardaş ölkədir. Düşünmürəm ki, İsraildə Azərbaycan səfirliyinin açılması prosesi bundan sonra ləngiyə bilər. Səfirliyin açılması barədə Milli Məclis qərar verib, bu məsələnin ən qısa vaxtda reallaşacağına da heç kəs şübhə etməsin. Bundan narahat olanlar isə istədiyi qədər narahat ola bilər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

 

Deputat bildirib ki, Azərbaycanda yəhudi xalqının nümayəndələri azərbaycanlılarla həmişə dostluq, qardaşlıq şəraitində yaşayıb, bu gün də yaşayırlar və onlara öz mədəni, dini dəyərlərini inkişaf etdirmək üçün həmişə hər cür şərait yaradılıb: “Bu xalqın nümayəndələri ən çətin günlərində Azərbaycan xalqının yanında olub, Azərbaycanın ərazi bütövlüyü uğrunda gözlərini qırpmadan həyatlarını təhlükə qarşısında qoyublar. Yəhudi əsilli Birinci Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov bu gün bütün Azərbaycan xalqının qürur duyduğu bir qəhrəmandır. Albertin vaxtilə təhsil aldığı 154 saylı məktəbə onun adı verilib, məktəbin önündə büstü qoyulub. Bakıda və Qubada onun şərəfinə lövhələr qoyulub, xatirəsinə muzey açılıb, Bakıda küçələrdən birinə adı verilib, həmin küçədə heykəli ucaldılıb. İkinci Qarabağ müharibəsində də İsrail dövləti daim Azərbaycanın yanında oldu, özünün mənəvi, siyasi dəstəyini əsirgəmədi. Azərbaycana qarşı Ermənistanı silahlandıran, yanacaqla, ərzaqla təmin edən İranın molla rejimindən fərqli olaraq, İsrail dövləti Ermənistana silah satmaqdan qəti şəkildə imtina elədi. Bundan başqa, yəhudi xalqı ilə bizi təkcə dostluq, qardaşlıq münasibətləri yox, eyni zamanda tarixi köklər birləşdirir. Həm Azərbaycan xalqının, həm də yəhudilərin etnogenezində Xəzər türkləri çox aktiv iştirak edib. Xüsusilə, Dağ və Aşkenaz yəhudilərinin mənşəyində türk qatı xeyli güclüdür”.

Xəbərlər