Siyasət 25 Oktyabr 2022, 16:44 | Baxış sayı: 176
“İsraildə Azərbaycan səfirliyinin açılması prosesi mütləq şəkildə tənzimlənəcək”

“Azərbaycanın İsraildə səfirliyinin açılması yalnız texniki səbəblərə görə ləngiyə bilər. Çünki artıq bu barədə qərar var. Məlum məsələdir ki, İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda çoxsaylı yəhudi əsilli vətəndaşlarımız, eyni zamanda, İsraildə həmvətənlərimiz yaşayır. Ona görə də, İsraildə səfirliyimizin açılması prosesi mütləq şəkildə tənzimlənəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, İsraildə səfirliyimiz olmadığı halda bu ölkə ilə diaspor təşkilatları, beynəlxalq qurumlar, Qeyri Hökumət Təşkilatları Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi səviyyəsində xarici siyasət ən yüksək səviyyədə tənzimlənir: “Əsas məqam budur. Azərbaycanın İsraillə qarşılıqlı məsələlərdə problemi yoxdur. İsrail dövlət olaraq siyasi, hərbi, iqtisadi, həm də mədəni-mənəvi cəhətdən strateji əhəmiyyət kəsb edən tərəfdaşımızdır. Bu istiqamətdə də addımlar atılır. Zaman-zaman qabartmağa çalışırdılar ki, İsraildə Azərbaycan səfirliyi olsa, bu, hansısa dövlətin xoşuna gəlməz. Azərbaycanın xarici siyasəti var. Azərbaycan dövləti xarici siyasətini özü tənzimləyir. İran Qafanda konsulluq açıb, “Ermənistan bizim tərəfdaşımızdır” deyirsə, bizim hansısa dövlətdən çəkinməyimizin yeri yoxdur, olmayıb və olmayacaq. Düşünürəm ki, İsraildə səfirliyimizin açılması məsələsinin həlli ciddi problem deyil. Yaxın zamanda bunun nəticəsinin şahidi olacağıq”.

Xəbərlər